Böyük Britaniyada milyonlarla avtomobilin texniki baxış nəticələrinin təhlili yüksək yürüşlü elektrikli avtomobillərlə benzinli modellər arasında maraqlı fərq ortaya çıxarıb.
Demokrat.az xəbər verir ki, British Vehicle Rental and Leasing Association (BVRLA) sifarişi ilə aparılan araşdırmada 47,4 milyon MOT texniki baxışının məlumatları araşdırılıb. New AutoMotive tərəfindən həyata keçirilən tədqiqatın nəticələrinə görə, avtomobillər aşağı yürüşdə olduqda elektrik və benzin mühərrikli modellərin nəticələri bir-birinə yaxın olur.
Lakin yürüş 60 min milə, yəni təxminən 96 min kilometrə çatdıqdan sonra fərq daha aydın görünməyə başlayır.
20-40 min mil yürüşü olan avtomobillərin elektrikli modellərində texniki baxışdan keçməmə göstəricisi 12 faiz, benzinli avtomobillərdə isə 11,7 faiz olub.
Yürüş 60 min mildən yuxarı qalxdıqda elektrikli avtomobillərdə uğursuzluq göstəricisi təxminən 16 faiz səviyyəsində sabitləşib. Benzinli və dizel avtomobillərində isə yürüş artdıqca bu göstərici yüksəlməkdə davam edib.
90-120 min mil, yəni təxminən 145-193 min kilometr məsafə qət etmiş 3-8 yaşlı avtomobillər arasında elektrikli modellərin 16,5 faizi MOT-dan keçməyib. Benzinli avtomobillərdə isə bu rəqəm 22,1 faiz təşkil edib.
193 min kilometrdən çox yürüşü olan avtomobillərdə fərq daha da artıb. Elektrikli modellərin texniki baxışdan keçməmə göstəricisi 16 faiz civarında qaldığı halda, benzinli avtomobillərdə bu rəqəm 23,5 faizə yüksəlib.
Araşdırmaya əsasən, bu kateqoriyada benzinli avtomobillərin texniki baxışdan keçməmək ehtimalı elektrikli modellərlə müqayisədə təxminən 47 faiz daha yüksək olub.
Tədqiqat zamanı avtomobillərin növbəti texniki baxışa qayıdıb-qayıtmadığı da araşdırılıb. 15 yaşlı elektrikli avtomobillərin 94,6 faizi əvvəlki baxışdan sonra 30 ay ərzində yenidən MOT testindən keçib. Benzinli avtomobillərdə bu göstərici 88,1 faiz olub.
Bununla belə, tədqiqatçılar məlumat bazasından çıxan bütün avtomobillərin utilizasiya edildiyini düşünməyin düzgün olmadığını vurğulayırlar. Bəzi nəqliyyat vasitələri xaricə göndərilə, müvəqqəti olaraq istifadədən çıxarıla və ya digər səbəblərlə məlumat bazasından silinə bilər.
Araşdırmada həmçinin elektrikli avtomobillərin daha az istifadə edildiyi üçün daha uzun müddət yollarda qaldığına dair nəticə əldə edilməyib. Əksinə, 4-16 yaş aralığındakı elektrikli avtomobillərin illik orta yürüşünün benzinli avtomobillərdən daha yüksək olduğu müəyyənləşdirilib.
Araşdırma elektromobillərin bütün komponentlər üzrə daha az problem yaratdığını göstərmir. Məlumatlara görə, elektrikli avtomobillərdə təkər qüsurlarına benzinli avtomobillərlə müqayisədə təxminən 1,8 dəfə çox rast gəlinib.
Xüsusilə daxiliyanma mühərrikli avtomobillər üçün hazırlanmış platformaların elektrikləşdirildiyi köhnə modellərdə bu fərqin daha nəzərəçarpan olduğu bildirilib.
Asqı sistemində isə elektrikli avtomobillərin daha ağır olması ilə bağlı gözlənilən əlavə problem müşahidə edilməyib. 60-90 min mil yürüşü olan elektrikli avtomobillərdə hər 100 texniki baxışa 4,7 asqı qüsuru düşüb. Benzinli avtomobillərdə isə bu göstərici 6,1 olub.
Əyləc sistemində də elektrikli avtomobillərin üstünlüyü müşahidə edilib. Regenerativ əyləclərdən istifadə edən yüksək yürüşlü elektromobillərdə əyləclə bağlı problemlər daha az qeydə alınıb. Bununla belə, yaşı çox olan və az istifadə edilən elektrikli avtomobillərdə mexaniki əyləclərin daha az işlədilməsi korroziya riskini artırıb.
Tədqiqatın əsas məhdudiyyətlərindən biri elektrikli avtomobillərin batareyalarının vəziyyətinin MOT yoxlamaları zamanı qiymətləndirilməməsidir.
Texniki baxış əsasən əyləc, təkər, asqı, sükan və işıqlandırma kimi avtomobilin yolda təhlükəsiz hərəkətinə təsir edən komponentləri əhatə edir. Batareyanın tutumunun nə qədər azaldığı, elementlərin aşınması, şarj göstəriciləri, proqram təminatı problemləri və zəmanət çərçivəsində aparılan təmirlər isə bu məlumatlara daxil deyil.
Bu səbəbdən araşdırma yüksək yürüşlü bütün elektrikli avtomobillərin problemsiz olduğunu göstərmir. Bununla belə, nəticələr yüksək yürüşün ikinci əl elektrikli avtomobilin texniki vəziyyətinin pis olması üçün təkbaşına kifayət edən göstərici olmadığını ortaya qoyur.
Jalə

