Özəl

İşçilərə şirkətdən pay veriləcək — Yeni güzəşt

İşçilərə şirkətdən pay veriləcək — Yeni güzəşt

Səhm iştirakı planı çərçivəsində pay əldə edən işçilər üçün yeni vergi güzəşti nəzərdə tutulur. Layihəyə əsasən, müəyyən şərtlər daxilində işçilərin əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay və səhmlərdən əldə olunan gəlirlər, həmçinin həmin payların digər şəxslərə təqdim edilməsindən yaranan gəlir 2027-ci il yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir vergisindən azad ediləcək.

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, işçiyə şirkətdən pay vermək ideyası yaxşıdır, amma bunun işləməsi üçün əvvəlcə bazarın özünü formalaşdırmaq lazımdır:

İşçilərə şirkətdən pay veriləcək — Yeni güzəşt

"İşçilərin pay və səhm iştirakı planları çərçivəsində əldə etdikləri gəlirlərin müəyyən şərtlərlə 10 il müddətinə gəlir vergisindən azad edilməsi mühüm təşəbbüsdür. Bu mexanizm işçinin şirkətin gələcək dəyərində iştirakını, uzunmüddətli marağını və şirkətə bağlılığını artıra bilər. Amma burada fundamental məsələ vergi güzəşti deyil, iqtisadi modeldir. İşçiyə şirkətin payını vermək asandır, həmin payın real iqtisadi dəyərə çevrilməsi isə tamam başqa məsələdir. Bunun üçün işlək kapital bazarı, aktiv səhm dövriyyəsi, şəffaf korporativ idarəetmə, investor bazası və payların obyektiv qiymətləndirilməsi mexanizmi lazımdır. Azərbaycanda kapital bazarlarının dərinliyi hələ bu mexanizmin geniş tətbiqi üçün kifayət qədər formalaşmayıb. Birjada şirkətlərin geniş şəkildə iştirak etməsi, səhmlərin aktiv alınıb-satılması və işçinin sahib olduğu payı istədiyi zaman bazar qiymətinə yaxın dəyərdə pula çevirə bilməsi geniş yayılmış praktika deyil. Digər tərəfdən, bizneslərin böyük hissəsinin MMC formasında fəaliyyət göstərməsi də ayrıca məsələdir. MMC-də iştirak payının işçiyə verilməsi hüquqi baxımdan mümkündür, amma həmin payın likvidliyi, qiymətləndirilməsi, satılması, digər iştirakçıların üstünlük hüquqları, şirkətdən ayrılan işçinin payının taleyi və şirkətin payı geri alma mexanizmi kimi çoxsaylı məsələlər ortaya çıxır. Burada qanunvericilikdə tənzimlənməyə ehtiyacı olan məsələlərin olduğu görünür. İşçiyə pay verdik, məsələ bitdi yanaşması ilə bu sistem işləməyəcək.

Məsələn, işçi beş il şirkətdə çalışıb və ona şirkətin müəyyən faizi verilib. Şirkət böyüyüb, amma işçi şirkətdən ayrılmaq istəyir. Onun payını kim alacaq? Qiymət necə müəyyənləşəcək? Şirkət payı geri ala biləcəkmi? Digər iştirakçıların hansı hüquqları olacaq? İşçi öz payını üçüncü şəxsə sata biləcəkmi? Şirkət birləşərsə və ya satılarsa, həmin payın taleyi necə müəyyənləşəcək? Vergi güzəşti hansı anda tətbiq olunacaq? Bu sualların hər birinə aydın cavab verilməlidir".

İqtisadçı əlavə edib ki, burada qiymətləndirmə məsələsi də xüsusi əhəmiyyət daşıyır:

"Qeyri-listinqli və xüsusilə texnologiya şirkətlərində payın dəyərini yalnız nominal kapital və ya balans göstəricisi ilə müəyyən etmək mümkün deyil. Şirkətin gələcək gəlirləri, intellektual mülkiyyəti, biznes modeli, bazar mövqeyi və digər iqtisadi göstəriciləri nəzərə alınmalıdır. Bu isə peşəkar biznes qiymətləndirməsi tələb edir. Ona görə bu təşəbbüsün qarşısında bütöv bir işlər silsiləsi dayanır. Kapital bazarlarının inkişafı, səhmdar və iştirakçı hüquqlarının qorunması, korporativ idarəetmənin gücləndirilməsi, qeyri-listinqli şirkətlərdə payların qiymətləndirilməsi, işçi paylarının uçotu, onların alqı-satqısı və geri alınması qaydaları, vergi və mühasibat uçotunun uyğunlaşdırılması ayrıca tənzimlənməlidir. Əks halda, qanunda çox gözəl görünən bir mexanizm praktikada məhdud sayda şirkətdə tətbiq olunan formal güzəştə çevrilə bilər. Bir çox digər layihə təklifləri kimi…

Əsas hədəf şirkətin özünü investisiya üçün cəlbedici aktivə çevirməkdir. Bunun üçün kapital bazarının dərinləşdirilməsi, şirkətlərin şəffaflığının artırılması, maliyyə hesabatlarının keyfiyyətinin yüksəldilməsi və investor hüquqlarının qorunması paralel şəkildə həyata keçirilməlidir. Çünki işçinin sahib olduğu payın dəyəri şirkətin real iqtisadi dəyərindən asılıdır. Şirkətin bazarı, investoru və likvidliyi yoxdursa, kağız üzərindəki sahiblik işçinin real sərvətinə avtomatik çevrilmir. Bu səbəbdən yeni vergi güzəşti mühüm addımdır, amma bunun arxasınca institusional islahatlar gəlməlidir. Qanunvericilik, kapital bazarı, korporativ idarəetmə, qiymətləndirmə və vergi mexanizmləri bir-birindən ayrı düşünülməməlidir. Əgər məqsəd həqiqətən işçini şirkətin uzunmüddətli tərəfdaşına çevirməkdirsə, bunun üçün bütöv ekosistem qurulmalıdır. Vergi güzəşti həmin ekosistemin yalnız bir elementidir. Əsas məsələ isə işçiyə verilən payın real, ölçülə bilən və lazım gəldikdə likvid iqtisadi dəyərə çevrilə bilməsidir".

FH
Fidan Hacızadə
Müxbir