Son illərdə şagirdlərin əlavə dərslərə və repetitor xidmətlərinə müraciəti geniş yayılıb. Bu isə məktəbdə verilən təhsilin şagirdlərin ehtiyaclarını tam qarşılayıb-qarşılamadığı ilə bağlı suallar yaradır.
Bəs repetitorluğa ehtiyacın bu qədər artmasının əsas səbəbi nədir və məktəb təhsili şagirdlərin tələblərini niyə tam qarşılamır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, Azərbaycan təhsil sistemi tədricən repetitorluqdan asılılığın azaldılması mərhələsinə keçir.

Onun sözlərinə görə, ikinci mərhələyə keçidlə bağlı cəhdlər də edilib:
"Tam ştatlı müəllim modeli buna bariz nümunədir. Bölgələrdə, eləcə də paytaxtda bir çox repetitor bundan narahatdır. Onların bəziləri "niyə belə oldu, niyə repetitorluq olmamalıdır?" deyə soruşurlar.
2026-cı ildə belə bir vəziyyətin yaranması repetitorluğun nə qədər kök saldığını göstərir. Repetitorluqla mübarizənin bir detalı belə minlərlə repetitoru narahat etməyə başlayıbsa, deməli, bu sahədə müəyyən dəyişiklik baş verir.
Məktəbimiz və təhsil sistemimiz həmişə repetitorluqdan asılı vəziyyətdə olmalıdır? Məncə, məktəb təhsili artıq bunun qarşısını almağa kifayət edəcək. Biz bu yola yeni başlamışıq. Tam ştatlı müəllim modelinin ilkin işartıları belə bir çox repetitoru narahat etməyə başlayıbsa, deməli, bu istiqamətdə düzgün yoldayıq. Repetitorluq tamamilə aradan qaldırılmalı deyil, lakin öz funksional sərhədləri daxilində fəaliyyət göstərməlidir.
Repetitorluq hər yerdə var, amma öz xəttini və sərhədini keçməmək şərtilə. Repetitorluq təhsilin daha yüksək səviyyələri və pillələri üçün nəzərdə tutulmuş xidmət sahəsidir. Məsələn, Koreya ən güclü təhsil sistemlərindən birinə malik ölkələrdən biridir. Orada repetitorluq daha çox magistratura və PhD səviyyələrində populyardır. Bir növ Şərqdən gələn ustad-şagird münasibətləri repetitorluq vasitəsilə bu gün də davam etdirilir.
Bizdə isə vəziyyət fərqli olub. Repetitorluq tamamilə başqa bir mərhələdə formalaşıb. İndi isə bunun düzəlməsi istiqamətində proses gedir", – deyə Elmin Nuri fikrini tamamlayıb.

