Özəl

Diqqət — Bu məlumatlar məhkəmədə sübut sayılmır

Diqqət — Bu məlumatlar məhkəmədə sübut sayılmır

Vətəndaşların hüquqlarını müdafiə etmək üçün müxtəlif məlumat və sənədlərdən istifadə etməsi məhkəmə proseslərində mühüm rol oynayır. Lakin məlumatın hansı yolla əldə edilməsi onun məhkəmədə sübut kimi qəbul edilib-edilməməsinə təsir göstərə bilər.

Bəs şəxs öz hüququnu müdafiə etmək üçün qanunsuz yolla əldə etdiyi məlumatı məhkəmədə sübut kimi təqdim edə bilərmi?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Mirəli Hüseynov bildirib ki, ölkənin qanunvericilik sistemi əsasən qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi qəbul edilməsini rədd edir.

Onun sözlərinə görə, bu həm ölkə Konstitusiyasında, həm də digər qanunvericilk aktlarında təsbit edilib:

"Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində deyilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnu müəyyən edərək öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasını, saxlanılmasını, istifadəsinı və yayılmasını qadağan edir.

Orada həmçinin deyilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95-ci maddəsi də qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməməsini müəyyən edir.

Burada maraqlı məsələlərdən biri qanunvericilikdə nəzərdə tutulmuş "qanunla icazə verilən hallar" ifadəsidir. Belə anlamaq olar ki, müəyyən hallarda gizli aparılmış səs yazısının sübut kimi qəbul edilməsi mümkündür. Konstitusiya Məhkəməsinin təcrübəsinə əsasən, səs yazısı birbaşa iddia predmetinə, yəni tərəflər arasındakı öhdəliklərə (məsələn, borcun etirafı və ya müqavilə şərtlərinin müzakirəsi) aiddirsə və şəxsi həyatın sirrini təşkil etmirsə, sübut kimi qəbul edilə bilər".