Özəl

Sıfırdan biznes, yoxsa hazır brend — Azərbaycan üçün hansı daha səmərəlidir?

Sıfırdan biznes, yoxsa hazır brend — Azərbaycan üçün hansı daha səmərəlidir?

Françayzinq modeli sahibkarlara tanınmış brend adı altında fəaliyyət göstərmək və hazır biznes sistemindən istifadə etmək imkanı yaradır. Azərbaycanda da bu modeldən istifadə edən şirkətlər olsa da, françayzinqin yerli biznes mühitində nə dərəcədə geniş yayıldığı və sahibkarların bu modelə marağının hansı səviyyədə olduğu sual doğurur.

Bəs Azərbaycanda françayzinq modelinin geniş yayılmasına hansı amillər mane olur və yerli sahibkarların bu biznes modelinə marağını artırmaq üçün nə dəyişməlidir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında biznes eksperti İlkin Mirzəzadə bildirib ki, Azərbaycanda françayzinqin nisbətən məhdud qalmasının bir neçə səbəbi var.

Sıfırdan biznes, yoxsa hazır brend — Azərbaycan üçün hansı daha səmərəlidir?

Onun sözlərinə görə, ilk növbədə, yerli sahibkarların böyük hissəsi biznesi sıfırdan, öz brendi ilə qurmağa daha çox meyllidir:

"Françayzinqdə isə müəyyən standartlar və qaydalar, brend sahibinin tələbləri var və sahibkar bunlara uyğun işləməlidir. Həmçinin ilkin investisiya tələbləri, françayzinq haqqı və dövri ödənişlər kimi xərclər var. Buna görə də bu model bəzi sahibkarlar üçün daha az cəlbedici olur. Digər məsələ bazarın ümumi ölçüsüdür.

Azərbaycan bazarı nisbətən kiçikdir və xarici brend üçün burada françayzinq modelinin iqtisadi baxımdan nə dərəcədə səmərəli olacağı ayrıca hesablanmalıdır. Sahibkarlar uğurlu yerli və xarici françayzinq nümunələrini daha çox gördükcə, bu modelə tələbin də artması mümkündür. Biz bunu artıq müşahidə edirik, yəni françayzinqə maraq getdikcə artır.

Biznes üçün ən böyük xərc məsələsinə gəldikdə isə, bunu bir komponentlə ümumiləşdirmək düzgün olmazdı. Bu, biznesin fəaliyyət sahəsindən çox asılıdır. Məsələn, xidmət sahəsində əməkhaqqı əsas xərc ola bilər. Restoran və pərakəndə ticarət sahələrində isə icarə, əməkhaqqı və məhsulun maya dəyəri daha böyük pay tuta bilər. Vergilər də mühüm xərcdir.

Yəni hansı xərcin daha böyük olması biznes modelindən asılıdır. Burada əsas məsələ xərcin özü deyil, həmin xərcin yaratdığı gəlirdir. Yəni 1 manat xərc nəticəsində neçə manat gəlir əldə edilir. Bu, biznesdə ROI – investisiyanın gəlirliliyi göstəricisi ilə ifadə olunur və əsas göstəricilərdən biridir".