Özəl

Azərbaycanda növbə mədəniyyəti niyə formalaşmayıb? — Sosioloq açıqladı

Azərbaycanda növbə mədəniyyəti niyə formalaşmayıb? — Sosioloq açıqladı

Metroda, avtobus dayanacaqlarında və digər ictimai yerlərdə növbəyə riayət olunmaması, eləcə də yollarda tıxac zamanı sürücülərin növbə gözləmədən digər avtomobillərin qarşısına keçməsi tez-tez müşahidə olunur.

Bu cür davranışların cəmiyyətdə formalaşmasının əsas sosial səbəbləri nələrdir və insanlar niyə ümumi qaydaya əməl etməkdənsə, şəxsi üstünlük əldə etməyə çalışırlar?

Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında sosioloq Əhməd Rəhmanov bildirib ki, cəmiyyətdə sosial bərabərsizliyə münasibət müəyyən davranışlara təsir edən psixoloji amillərdən birinə çevrilib.

Azərbaycanda növbə mədəniyyəti niyə formalaşmayıb? — Sosioloq açıqladı

Onun sözlərinə görə, uzun müddət ərzində insanların sosial və maddi imkanlar baxımından bir-birindən fərqlənməsi müəyyən davranışların formalaşmasına təsir göstərib:

"Hətta hansısa şəxsin dövlət qulluğunda və ya başqa sahədə müəyyən imtiyazının olması bəzi hallarda onun digər insanlardan daha üstün qəbul edilməsinə səbəb ola bilər. Yəni sosial bərabərsizlik insanlarda artıq sadəcə sosial problem kimi deyil, bir növ psixoloji faktor kimi də qəbul olunur.

Vaxt var idi ki, Azərbaycanda əmək insanına böyük hörmət var idi. Lakin son 40 ildə mənəvi dəyərlərdə müəyyən dəyişikliklərin baş verdiyini müşahidə etmək mümkündür. Artıq bəzi hallarda insanın əməyinə, zəhmətinə və gördüyü işə görə deyil, daha çox kimlə qohum olduğuna, kimləri tanıdığına və hansı imkanlara sahib olduğuna görə qiymətləndirilməsi halları ilə rastlaşırıq.

Bu yanaşma tədricən insanların düşüncəsinə təsir edə bilər. Maddi imkanı olan və ya müəyyən şəxslərlə qohumluğu, əlaqəsi olan insan bəzi hallarda özünü başqalarından üstün görə bilər. Məsələn, maddi imkanının bir qədər çox olması və ya hansısa nüfuzlu şəxslə qohumluğunun olması bəzi insanlar tərəfindən üstünlük kimi qəbul edilə bilər.

Burada artıq söhbət təkcə maddi fərqdən getmir. Məsələ insanların həmin fərqlərə münasibətindədir. Bir insanın daha çox imkanının olması onun avtomatik olaraq digərindən daha dəyərli və ya üstün olduğu anlamına gəlməməlidir. Lakin bəzi hallarda cəmiyyətdə belə yanaşmalara rast gəlmək mümkündür.

Mən hesab edirəm ki, bu məsələyə yalnız sosial problem kimi yanaşmaq düzgün deyil. Burada psixoloji tərəf də araşdırılmalıdır. İnsanların sosial statusa, maddi imkanlara, qohumluq və əlaqələrə görə bir-birinə münasibətinin necə dəyişdiyini psixoloqlar və psixiatrlar da araşdırmalıdır".