Süni intellekt bir çox sahədə iş proseslərini dəyişsə də, bəzi peşələrdə insan amilinə ehtiyac hələ də yüksək olaraq qalır.
Bəs hansı peşələr gələcəkdə də öz əhəmiyyətini qoruyacaq?
Texnoloq Elvin Həsənov Demokrat.az-a açıqlamasında deyib ki, süni intellektin inkişafı bir sıra peşələrdə insan əməyinin rolunu dəyişsə də, bəzi sahələrdə insan faktorunun əhəmiyyətini qoruyacaq.

Onun sözlərinə görə, AI bir çox işi sürətləndirəcək, amma insanın yerini tam tutmaq hər sahədə mümkün olmayacaq:
"Məsələn, həkimə baxaq. Süni intellekt analiz nəticələrini yoxlaya bilər, görüntülərdə riskli sahələri göstərə bilər, amma pasiyentlə danışmaq, onun vəziyyətini bütöv qiymətləndirmək və son qərarın məsuliyyətini daşımaq hələ də insanın işidir. Eyni hal müəllim, mühəndis və bir çox digər peşələrə də aiddir. AI kömək edə bilər, amma insan münasibətini və situasiyanı tam əvəz etmək çətindir.
Fiziki peşələrdə də vəziyyət oxşardır. Elektrik, santexnik, texnik, mexanik, servis əməkdaşı kimi peşələr gələcəkdə də vacib olacaq. Çünki real mühitdə hər problem standart olmur. Bəzən yerində baxmaq, improvizə etmək və ani qərar vermək lazımdır. Robotlar inkişaf etsə də, bu sahələrin hamısının tam avtomatlaşdırılması asan deyil.
Məncə, başqa bir vacib istiqamət kibertəhlükəsizlik və texniki nəzarətdir. Süni intellekt nə qədər çox istifadə olunursa, sistemlərin təhlükəsizliyi də bir o qədər vacib olur. Süni intellekt sistemlərini quran, onları yoxlayan, məlumatların qorunmasına nəzarət edən və səhvləri aşkarlayan mütəxəssislərə tələbat artacaq".

