Özəl

Manatın taleyi bəlli oldu — Deputat açıqladı

Manatın taleyi bəlli oldu — Deputat açıqladı

Prezident İlham Əliyev bildirib ki, 2017-ci ildən etibarən 1 ABŞ dolları 1,70 manat səviyyəsindədir. Dövlət başçısı manatın məzənnəsinin bu səviyyədə qalacağını qeyd edərək, bunun əsas səbəblərindən birinin Azərbaycanın müsbət ticarət balansına malik olması olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında söyləyib ki, Azərbaycanda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı cənab Prezident bir sıra strateji məqamlara toxunub:

Manatın taleyi bəlli oldu — Deputat açıqladı

"Eyni zamanda, dövlət başçısının qeyd etdiyi istiqamətlərdən biri də manatın məzənnəsi və maliyyə sabitliyi ilə bağlıdır. Nəzərə alsaq ki, artıq 10 ilə yaxındır Azərbaycanın milli valyutası öz sabitliyini qoruyub saxlayır. Mərkəzi Bankın son açıqlamaları da göstərir ki, xüsusən ölkəyə daxil olan valyutanın həcminin artması dollar tələbinin ödənilməsində mövcud tarazlığın qorunub saxlanmasına imkan yaradır. Mərkəzi Bank da məhz manatın məzənnəsi ilə bağlı təhdidlərin olmadığını bəyan edib. Xüsusən də neftin dünya bazarındakı qiymətinin yüksək olması milli valyutanın məzənnəsinin qorunub saxlanmasına imkan yaradır. Təbii ki, manatın məzənnəsinin qorunub saxlanmasında və bütövlükdə sabitliyin təmin olunmasında vacib məqamlardan biri də məhz tədiyə balansıdır, ölkəyə daxil olan valyutanın həcmidir. 2026-cı ilin yerdə qalan aylarında biz idxalın azalmasını və ixracın artmasını müşahidə etmişik. Bu da ondan xəbər verir ki, əslində, ölkədən çıxan valyutanın həcmi azalıb, ölkəyə daxil olan valyutanın həcmində isə artımlar baş verir. Ona görə də ixrac və idxal əməliyyatları, tədiyə balansında müsbət saldo manatın məzənnəsinin qorunub saxlanmasına əlavə təkan verir. Sözsüz ki, ölkəyə daxil olan valyutanın əhəmiyyətli hissəsi neft satışından əldə edilən gəlirlərdir. Əsas məqsəd ondan ibarətdir ki, ixracın şaxələndirilməsi və xüsusən də neftdən kənar sektorlardan daha çox valyutanın ölkəyə daxil olmasına nail olunması mümkün olsun. O baxımdan, bir tərəfdən hazırda tədiyə balansında müsbət saldo müşahidə olunur, digər tərəfdən isə iqtisadiyyatın şaxələndirilməsi və ixracın təşviqi əsas hədəflərdəndir".

Vüqar Bayramov əlavə edib ki, qanunvericiliyə edilən son dəyişikliklərdən biri də məhz ixrac texnoparklarında fəaliyyət göstərən və ixrac həyata keçirən sahibkarlara xüsusi güzəştlərin tətbiq olunmasıdır:

"Təbii ki, stabil valyuta və ya makroiqtisadi sabitlik həm ixrac baxımından, həm də ölkədəki iqtisadi durum baxımından çox əhəmiyyətlidir. Çünki bu, həm də iş adamlarına öz fəaliyyətlərini planlaşdırmağa, sabit məzənnəyə uyğun olaraq idxal və ixrac həyata keçirməyə imkan yaradır. O baxımdan, bu, iqtisadiyyat üçün, xüsusən də proqnozlaşdırma və iş adamlarının fəaliyyətinin sistemləşdirilməsi baxımından vacibdir. Növbəti dövrlər üçün də, sözsüz ki, qeyri-neft ixracının artırılması və neftdən kənar sektorun dəstəklənməsi prioritet olaraq qalacaq. Yalnız bir sektor üzrə, hətta kənd təsərrüfatı sahəsində növbəti illərdə ixracatın dörd dəfə artırılması və 6 milyard dollara çatdırılması nəzərdə tutulur. Eynilə, yeni təsdiq olunmuş Daşkəsən sənaye xüsusi dövlət proqramında da ixracın artırılması ilə bağlı müəyyən hədəflər var. Ona görə konkret sektorlar üzrə hədəflərin müəyyənləşdirilməsi qeyri-neft sektorunun ixrac imkanlarının növbəti illərdə genişlənməsinə gətirib çıxaracaq".

FH
Fidan Hacızadə
Müxbir