Özəl

Müdir maaş vermirsə, yazışmalarınız sübut kimi istifadə oluna bilər

Müdir maaş vermirsə, yazışmalarınız sübut kimi istifadə oluna bilər

Bəzi müəssisələrdə işçilərin əməyindən istifadə olunması və əməkhaqlarının ödənilməməsi ilə bağlı iddialar səsləndirilir. Belə hallarda şəxslərin rəsmi əmək müqaviləsi olmadan və ya frilans adı altında çalışdırıldığı, gördükləri işin qarşılığında isə ödənişlərini ala bilmədikləri bildirilir.

Bu kimi hallarda işçilərin hüquqları necə qorunmalıdır? Hüquqi baxımdan əməkhaqqını ala bilməyən şəxslər hansı addımları ata və hara müraciət edə bilərlər?

Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu kimi hallarda ilk növbədə münasibətin hüquqi mahiyyəti müəyyən edilməlidir:

Müdir maaş vermirsə, yazışmalarınız sübut kimi istifadə oluna bilər

"Şəxsin frilanser, xidmət göstərən, praktikant və ya köməkçi adlandırılması hələ o demək deyil ki, ortada əmək münasibəti yoxdur. Əgər şəxs faktiki olaraq işəgötürənin tabeliyində çalışırsa, müəyyən iş qrafikinə əməl edirsə, ona konkret tapşırıqlar verilirsə və işin nəticəsinə işəgötürən nəzarət edirsə, bu münasibət əmək münasibəti kimi qiymətləndirilə bilər. Belə halda işəgötürən həmin şəxsi rəsmi əmək müqaviləsi olmadan işlədə bilməz. Frilanser anlayışı artıq qanunvericiliyə daxil edilib. Lakin bu anlayış əmək müqaviləsi olmadan işləyən hər bir şəxsə avtomatik şamil olunmur. Qanunvericilikdə frilanser daha çox rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında müstəqil xidmət göstərən şəxs kimi nəzərdə tutulur. Ona görə də işəgötürən adi əmək münasibətini sadəcə frilans adı ilə gizlədə bilməz. Əgər şəxs işçi kimi çalışdırılırsa, onun əməkhaqqı, sosial sığorta, məzuniyyət, iş vaxtı və digər hüquqları təmin olunmalıdır".

Onun sözlərinə görə, əməkhaqqını və ya gördüyü işin haqqını ala bilməyən şəxs ilk növbədə sübutları toplamalıdır:

"Yazışmalar, tapşırıqlar, iş qrafiki, görülən işin nəticələri, elektron məktublar, ödəniş vədləri, şahid ifadələri, kart köçürmələri və digər sənədlər sonradan hüquqi müdafiə üçün vacibdir. Bundan sonra şəxs Dövlət Əmək Müfəttişliyi Xidmətinə, DOST mərkəzlərinə və ya elektron qaydada aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Əgər münasibət mülki-hüquqi xidmət müqaviləsi kimi rəsmiləşdirilibsə, bu halda görülmüş işin haqqının ödənilməsi məhkəmə qaydasında tələb edilə bilər. Qısa desək, frilans adı işəgötürənə əmək qanunvericiliyindən yayınmaq hüququ vermir. Əgər insan faktiki olaraq işçi kimi çalışdırılıbsa, onun hüquqları da işçi kimi qorunmalıdır. Əsas məsələ sübutları toplamaq, yazılı müraciət etmək və zərurət olduqda məhkəmə qaydasında ödənişi tələb etməkdir".

FH
Fidan Hacızadə
Müxbir