Sosial

Hansı rayonların icra başçısı yoxdur?

Hansı rayonların icra başçısı yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib. Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ rayonu, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan şəhəri, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Demokrat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla da icra başçısı olmayan rayonların sayı 4-ə düşüb. Onlardan ikisi Naxçıvanda yerləşib.

Belə ki, hazırda Muxtar Respublikanın Babək və Sədərək rayonlarının icra başçısı vəzifəsi vakantdır.

Babəkin son icra başçısı Ovni Mehbalı oğlu Muradov sentyabrın 24-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. O, Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub.

Sədərək rayon İcra Hakimiyyətinin sonuncu başçısı Naim Etibar oğlu Cahidzadə olub. O, 2024-cü ildən bu vəzifəni tutub və 2026-cı il avqustun 4-də işdən azad edilib. Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

İcra başçısı olmayan rayonlardan biri də Yardımlıdır. 2016-cı ildən rayona başçılıq edən Ayaz Əsgərov Prezident İlham Əliyevin sentyabrın 15-də imzaladığı sərəncamla vəzifəsindən azad edilib. Buna səbəb hüquq-mühafizə orqanları bir müddət əvvəl rayonda anti-korrupsiya əməliyyatı keçiriblər. Nəticədə İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov saxlanılıb.

İcra başçısı olmayan sonuncu rayon Ağdərədir. Prezident İlham Əliyev 2023-cü il dekabrın 27-də Ağdərə rayonunun yaradılması haqqında sərəncam imzalayıb. Hələlik İcra Hakimiyyətinə başçı təyin edilməyib.