Sumqayıtda 51 yaşlı kişi birlikdə fəhlə işlədiyi şəxsə xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən "Sərxan" marketin yaxınlığında baş verib.
1975-ci il təvəllüdlü Xəlil həmin ərazidə aralarında yaranmış mübahisə zamanı tanışı Zülfüqarın (adlar şərtidir – red.) sol göz nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq ona xəsarət yetirib.
Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Zülfüqarı 2026-cı ilin yanvar ayında eyni tikintidə fəhlə işlədikləri müddətdən tanıyır:
"Fəhlə işlədiyimiz müddətdə Zülfüqardan 150 manat borc aldım. Qısa zamanda pulu qaytaracağımı desəm də, maddi imkansızlıq səbəbindən pulu qaytara bilmədim".
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, axşam saatlarında "Sərxan" marketin yaxınlığında Zülfüqarı görüb:
"Zülfüqar 150 manat borcu indi istədi və ünvanıma nalayiq ifadələr işlətdi. Mən də bundan əsəbləşərək sağ əlimlə onun sol göz nahiyəsinə yumruqla zərbə vurdum".
Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını, ona vurulmuş zərəri ödədiyini, zərərçəkənin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını deyib.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


