Bu ilin avqust ayının sonuna ölkədə olan ödəniş kartlarının 2 milyon 22 mini kredit kartlarının payına düşüb. Bu, cari ilin əvvəlindən bəri kredit kartlarının sayı 55 min ədəd və ya 2,6% azalıb.
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında qeyd edib ki, kredit kartlarının azalmasının əsas səbəbi kimi Mərkəzi Bankın kart limitlərinə, yəni kart limitinin məbləğinə tətbiq etdiyi məhdudiyyətləri göstərmək olar:

"Çünki əvvəlki dövrlərdə əməkhaqqının hətta 10 mislinə qədər, daha geniş həcmdə kredit məbləğləri təklif olunurdu. Amma Mərkəzi Bankın tələbinə əsasən, hazırda bu göstərici, bildiyim qədər, əməkhaqqının 4 mislinə qədər endirilib. Hazırda plastik kartlar bazarında tətbiq olunan bu cür məhdudiyyətlərlə yanaşı, banklar tərəfindən nağd kreditlər üzrə şərtlərin nisbətən yumşaldılması və faizlərin aşağı salınması da kart bazarına təsir göstərir. Plastik kart üzrə açılan kredit xəttinə nisbətən nağd şəkildə verilən istehlak kreditlərində faizlərin daha aşağı olması səbəbindən müştərilər daha çox nağd kreditlərə üstünlük verirlər. Buna görə də kart bazarında həm məbləğ, həm də say baxımından müəyyən kiçilmələr müşahidə olunur. Bu, tənzimləyici tələblərdən irəli gəldiyinə görə, əslində bu sahənin tənzimlənməsi məqsədilə düşünülmüş requlyativ tələb və siyasətdir. Çünki əvvəllər kütləvi şəkildə əməkhaqqı və ya müştərinin gəlirləri tam nəzərə alınmadan, yaxud qismən nəzərə alınmaqla kredit məbləğləri müəyyənləşdirilirdisə, bu da nəticə etibarilə sonradan həmin kreditlərin problemli kreditə çevrilməsinə şərait yaradırdı. Hazırda isə tənzimləyici tərəfindən tətbiq olunan requlyativ tələblər əsasında bu proses nisbətən ləngiyib. Problemli kreditlərə keçid sürəti və tendensiyası müəyyən qədər azalıb. Çünki gəlirlərə riskyönümlü yanaşma tətbiq olunur və kredit məbləğləri müəyyənləşdirilərkən gəlirlərin xərclərə nisbətinə xüsusi diqqət yetirilir. Bu səbəbdən kredit məbləğləri əvvəlki dövrlə müqayisədə daha aşağı müəyyən olunur".
Ekspert bildirib ki, bunun nəticəsində gələcəkdə problemli kreditlərin sayının azalması baxımından da müsbət nəticələr əldə olunur:
"Bu səbəbdən plastik kartların sayında və məbləğində müəyyən kiçilmələr yaranır. Lakin bu azalma riskyönümlü yanaşmanın əsas mahiyyətini təşkil etdiyinə görə gözləniləndir. Burada əsas üstünlük istehlak kreditlərinə verilir. Banklara məbləğ və say baxımından müəyyən dərəcədə təsir olsa da, bu yanaşmanın kreditlərin daha işlək və effektiv maliyyə alətinə çevrilməsinə, eyni zamanda bankların kredit portfelinin daha işlək olmasına müsbət təsiri var. Çünki əgər əvvəllər götürülən kreditlər 3-4 aydan sonra problemli kreditə çevrilirdisə, hazırda risk əsaslı requlyativ tənzimləmələr onların daha gec problemli kreditlərə düşməsinə və ya belə kreditlərin sayının azalmasına müsbət təsir göstərir. Yəni banklar say və məbləğ baxımından müəyyən dərəcədə kiçilmə görsələr də, kreditlərin daha effektiv idarə olunması və daha çox işlək portfelə çevrilməsi nəticəsində nəzərdə tutulan gəlirlərin əldə olunmasına nail olurlar. Bir tərəfdən çoxsaylı və böyük həcmli kreditlərdən ibarət, lakin işləməyən və proqnozlaşdırılan gəlirləri təmin etməyən portfel ola bilər. Digər tərəfdən isə nisbətən az sayda və daha aşağı məbləğdə verilən, amma işlək olan kredit portfeli formalaşa bilər. Burada artıq kəmiyyətdən keyfiyyətə doğru keçid baş verir. Fəaliyyətdə kəmiyyət deyil, keyfiyyətə üstünlük verilməsi nəticəsində portfelin işləkliyi, yəni kreditlərin effektivliyi və portfelin gəlirliliyi təmin edilmiş olur. Əsas fokus nöqtəsi kimi gəlirlilik və risklərin azaldılması önə çıxır. Plastik karta açılan kredit xətlərinin əsas problemlərindən biri onların revolver tipli, yəni bərpa olunan kreditlər olmasıdır. Şəxs kredit xəttindən istifadə edir, vəsaiti xərcləyir, daha sonra həmin məbləği ödəyir və balans yenidən bərpa olunduğu üçün təkrar istifadə edir. Bu isə müəyyən dərəcədə arxayınlıq yarada bilər. Kredit xəttinin müddəti başa çatdıqda isə krediti tam bağlamaq zərurəti yaranır. Lakin şəxsin bir çox hallarda bu krediti ödəmək imkanı olmadığı üçün həmin kredit problemli kreditə çevrilə bilirdi. Hazırda tətbiq olunan requlyativ tələblər, xüsusilə də kredit məbləğlərinin tənzimlənməsi, bankların bu cür hallardan yayınmasına müəyyən şərait yaradır".


