Yol hərəkəti zamanı sürücülər bəzən yolun hərəkət hissəsində xətlənmənin aydın görünməməsi və ya silinməsi səbəbindən qaydanı pozmuş hesab edilə bilirlər. Xüsusilə yol nişanlanmasının yağış, qar, asfaltın aşınması və digər səbəblərdən görünmədiyi hallarda sürücünün cərimələnməsi mübahisə yarada bilər.
Görünməyən xətlənməyə görə cərimə yazılarsa sürücü nə edə bilər?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, belə olan halda vəziyyətə görə baxmaq lazımdır:

"Təbii ki, burada xətt əsas deyil, ilk növbədə yol nişanı əsas götürülür. Ola bilməz ki, yalnız yol xətti olsun, heç bir nişan olmasın. Xətlənmə müxtəlif səbəblərdən, məsələn, hava şəraiti və ya yolun istismarı nəticəsində görünməyə bilər. Ona görə də sürücü üçün əsas göstərici yol nişanıdır".
Onun sözlərinə görə, cərimə də, bir qayda olaraq, həmin nişanın tələbinə əsasən tətbiq olunur:
"Məsələn, yolda yalnız sola dönməyi tələb edən xətt varsa, amma sürücünü bu barədə əvvəlcədən xəbərdar edən nişan qoyulmayıbsa, sürücü həmin cərimə ilə bağlı şikayət edə bilər. Lakin əgər müvafiq nişan artıq quraşdırılıbsa, əsas götürülməli olan həmin nişandır. Əvvəllər belə hallara daha çox rast gəlinirdi. Hazırda isə yol hərəkətinin təşkilində əsas diqqət nişanların düzgün yerləşdirilməsinə yönəldilir. Buna görə də konkret vəziyyətdə yol nişanının olub-olmaması və onun tələbinin sürücüyə əvvəlcədən aydın şəkildə çatdırılması əsas məsələdir".


