Bakıda köhnə tikililərdə mənzillərin qiymətində son vaxtlar artım müşahidə olunur. Xüsusilə beş və doqquz mərtəbəli binalarda yerləşən mənzillərin qiymətinin 5-10 min manat bahalaşdığı bildirilir.
Əmlak eksperti Anar Nəsirov Demokrat.az-a açıqlamasında bildirib ki, 2026-cı ildən etibarən mənzil bazarında nisbi sakitlik hökm sürür:

"2025-ci illə müqayisədə 2026-cı ildə mənzil bazarında alıcılıq qabiliyyəti əvvəlki səviyyədə deyil, daha aşağıdır. Buna baxmayaraq, bəzi kateqoriyalara aid mənzillərdə qiymətlərin yüksəlməsini müşahidə edirik. Belə ki, yeni tikilən binalarda qiymətlər 2026-cı ildə müəyyən faizlərdə artıb. Əsasən çıxarışı olan və ipotekaya yararlı, yəni İpoteka Fondu tərəfindən girov kimi qəbul edilə bilən yeni tikili mənzillərdə qiymət artımı daha da nəzərəçarpan olub. Bunun əsas səbəblərindən biri çıxarışı olan və ipotekaya yararlı mənzillərin sayının az olmasıdır. Digər tərəfdən, tikinti bazarında bəzi materialların qiymətlərinin 2026-cı ildə yüksəlməsi də yeni binalardakı qiymət artımına səbəb olub. Bundan əlavə, 2026-cı ildə Sovetlər dövründə tikilən 9 mərtəbəli binalarda da müəyyən faizlərdə qiymət artımı yaşanıb. Bu artım yeni tikililərdəki qədər yüksək olmasa da, həmin mənzillərə də tələbatın artdığını müşahidə edirik. Bunun əsas səbəblərindən biri həmin binaların da İpoteka Fondu tərəfindən girov kimi qəbul edilə bilməsi və ipotekaya yararlı olmasıdır. Alıcıların əksəriyyəti məhz bu tip əmlaklara üstünlük verdiyi üçün həm yeni tikililərdə, həm də Sovet dövrünün 9 mərtəbəli binalarında kvadratmetr qiymətlərində artım müşahidə edilib. Digər tərəfdən, 5 mərtəbəli binalarda qiymətlər o qədər də ciddi artmayıb. Əgər artım olubsa, bu, əsasən şəhərin mərkəzi hissələrində və tələbatın daha çox olduğu ərazilərdə müşahidə edilir. Şəhərin kənar hissələrində və mikrorayonlarda yerləşən 5 mərtəbəli binaların qiymətləri yeni tikililər və 9 mərtəbəli binalarla müqayisədə o qədər də yüksək artmayıb. Eyni vəziyyət 3 mərtəbəli binalara da aiddir".
Ekspertin sözlərinə görə, yeni tikililərin və 9 mərtəbəli binaların qiymətlərinin daha çox artmasının əsas səbəblərindən biri həmin mənzillərin İpoteka Fondu tərəfindən girov kimi qəbul edilməsi, həmçinin bankların daxili kredit və ipoteka imkanlarından daha çox bu tip mənzillər üçün istifadə etməsidir:
"Yəni banklar tərəfindən üstünlüyün bu binalara verilməsi həmin kateqoriyaya aid mənzillərə tələbatı artırıb və nəticədə onların qiymətləri digər kateqoriyalara, o cümlədən həyət evlərinə, 5 və 3 mərtəbəli binalardakı mənzillərə nisbətən daha çox yüksəlib. Bütün dünyada olduğu kimi, Azərbaycanda da əmlak bazarı tələb və təklif prinsipi əsasında formalaşır. Tələb artdıqda qiymətlər yüksəlir, təklif artdıqda isə satıcılar arasında yaranan rəqabət nəticəsində qiymətlər aşağı düşə bilir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, yeni tikililərə və Sovet dövründə tikilən 9 mərtəbəli binalara alıcılıq qabiliyyətinin daha çox olmasının əsas səbəblərindən biri banklar tərəfindən həmin mənzillərin girov kimi qəbul edilməsi və bu tip əmlaklara ipoteka ayrılmasına üstünlük verilməsidir. Nəticədə bu kateqoriyaya aid mənzillərin qiymətləri digər mənzillər və həyət evləri ilə müqayisədə daha çox artıb. 9 mərtəbəli və yeni tikili binalara tələbatın artmasının digər səbəblərindən biri də liftlərin olmasıdır. Yaşlı nəslin nümayəndələri və uşaqlı ailələr liftli binalara daha çox üstünlük verirlər. Çünki belə binalarda mənzilə daxil olmaq və binadan çıxmaq daha rahatdır. Digər tərəfdən, banklar və kredit təşkilatları 9 mərtəbəli binalara ona görə üstünlük verirlər ki, bu tip binaların sökülmə riskləri digər, xüsusilə 5 və 3 mərtəbəli binalarla müqayisədə daha az hesab olunur. Risklərin daha aşağı olması bankların və kredit təşkilatlarının 9 mərtəbəli və yeni tikili binalardakı mənzilləri girov kimi qəbul etməsinə üstünlük verməsinə səbəb olur. Bu, 5 mərtəbəli binalara kredit və ya ipoteka verilmir demək deyil. Sadəcə, banklar və kredit təşkilatları yeni tikililərdə və 9 mərtəbəli binalarda yerləşən mənzilləri girov kimi qəbul etməyə daha çox üstünlük verirlər".

