"Fənərbağça"nın dünyaca məşhur qapıçısı Ederson milli komandalar üçün fasiləni ailəsi ilə birlikdə Marmarisdə keçirib.
Demokrat.az xəbər verir ki, ıüks tətil seçimi ilə diqqət çəkən braziliyalı ulduzun qalma və nəqliyyat üçün etdiyi xərclər gündəm olub. Edersonun üç günlük tətili ərzində təxminən 3 milyon Türkiyə lirəsi xərclədiyi iddia edilir.
Mövsümün əvvəlində heyətinə qatılan Ederson meydandakı çıxışı ilə yanaşı, şəxsi həyatı ilə də gündəmə gəlir. Braziliyalı qapıçı sıx futbol qrafikinə qısa fasilə verərək ailəsi ilə birlikdə Türkiyənin məşhur istirahət məkanlarından biri olan Marmarisi seçib.
Daha əvvəl Bodrum, Antalya və Kapadokya kimi müxtəlif bölgələrə səfər edən Ederson milli komandalar üçün yaranan fasilədən istifadə edərək bu dəfə Marmarisə üz tutub. Məşhur futbolçu həyat yoldaşı və üç övladı ilə birlikdə keçirdiyi tətildə yüksək komforta üstünlük verib.
"Günaydın" qəzetindən Göktan Gökdumanın xəbərinə görə, Ederson Dalaman hava limanına özəl təyyarə ilə gəldikdən sonra qalacağı otelə özəl helikopterlə gedib. Ulduz qapıçının nəqliyyat seçimi və yerləşmə ilə bağlı təfərrüatlar tətilin dəbdəbəli olduğunu göstərib.
Ederson və ailəsinin Marmarisdə seçdiyi otelin gecəlik qiymətinin təxminən 13 min avro olduğu irəli sürülüb. Üç gün oteldə qalan futbolçunun otel xərcləri və digər ödənişlərlə birlikdə ümumilikdə təxminən 3 milyon Türkiyə lirəsi xərclədiyi iddia edilib.
"Fənərbağça"nın qapıçısının bu tətil zamanı gündə təxminən 1 milyon Türkiyə lirəsi xərclədiyi iddia olunur. Edersonun lüks həyat tərzi sosial mediada da müzakirə mövzularından birinə çevrilib.
Braziliyalı qapıçının illik gəlirinin isə təxminən 11 milyon avro səviyyəsində olduğu bildirilib.




Jalə

