İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı bir sıra ölkələrin nümayəndə heyətlərinin zalı tərk etməsi diqqət çəkib. Netanyahu tribunaya qalxdığı zaman bəzi müsəlman ölkələrinin nümayəndələri etiraz olaraq zalı tərk etsələr də, Azərbaycan nümayəndəsinin yerində qalması Türkiyə, İsrail və ərəb mediasında da müzakirə olunub. Bu hadisənin ardından sosial mediada Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı müxtəlif iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılmağa başlayıb.
Türkiyə-Azərbaycan qardaşlığını dəfə alanlar kimlərdir?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, son günlərin ən çox müzakirə olunan mövzularından biri İsrailin Baş naziri Benjamin Netanyahunun BMT-dəki çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməməsi olub:
"Buna əlavə olaraq, sözügedən hadisənin Türkiyə mediasında təhrif olunmuş şəkildə təqdim edildiyinin də şahidi oluruq. Halbuki mətbuat bu məsələlərdə obyektiv yanaşma sərgiləməli, üstəlik, məhz Azərbaycan-Türkiyə münasibətlərinin ən cüzi səbəbdən pozulmaması üçün həssaslıq nümayiş etdirilməlidir. Lakin biz dezinformasiya və hədəfə yönəlmiş məlumatların paylaşıldığını gördük. Məsələ ondan ibarətdir ki, Azərbaycanla yanaşı zalı tərk etməyən digər ölkə nümayəndələri də oldu. Yəni, zalda tək qalan Azərbaycan deyildi. Buna baxmayaraq, fokusun Azərbaycan üzərində cəmləşdirilməsi, deməli, müəyyən dairələrin maraqlarına cavab verir".
Politoloq əlavə edib ki, İsrail-Fələstin münaqişəsi üzərindən Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurulmağa çalışılması ilk deyil və sözügedən münaqişə Azərbaycan-Türkiyə münasibətlərinə zərər verilməyə çalışılan ilk və yeganə amil də deyil:
"Azərbaycanlı diplomatın zalda oturması Azərbaycan diplomatiyasının qərarıdır. Bu işdə Azərbaycanın seçiminə hörmət edilməlidir. Lakin bunu bir kampaniya formasında təqdim etmək yolverilməz olduğu qədər, həm də heç bir etik çərçivəyə sığmır. Əslində, bu qüvvələr ictimaiyyəti ələ alaraq fərqli istiqamətlərə çəkməyə çalışırlar. Bu işdə üçüncü tərəflərin və aktorların rolu və varlığı artıq danıla bilməz. Sual yaranır ki, həmin bu tərəflər Fələstinin təəssübünü çəkirlər, yoxsa daha çox Azərbaycan-Türkiyə münasibətlərinin pozulmasında maraqlıdırlar? İkinci amilə daha çox güc və resurs sərf edildiyindən sualın cavabı da bəllidir".

