Bakıda əsas yolların yüklənməsinin qarşısını almaq üçün alternativ marşrutlardan istifadə imkanları mövcuddur. Lakin bəzi alternativ yolların asfalt örtüyünün yararsız və nahamar olması sürücülərin həmin yollardan istifadəsini çətinləşdirir. Nəticədə, sürücülər əsas yollara üstünlük verir, bu isə nəqliyyat sıxlığının daha da artmasına səbəb olur. Belə ərazilərdən biri də məhz 7-ci Bayıl adlanan əraziyə birləşən yoldur.
Maraqlıdır, bu kimi alternativ yolların asfaltlanması gözlənilirmi?
Demokrat.az-a bu barədə açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlunun sözlərinə görə, bu ərazi istifadəyə verilməyən yoldur:

"Yəni sürüşmə zonası olduğu üçün yol bağlıdır. Sadəcə sürücülər məcburiyyətdən həmin ərazidən istifadə edirlər. Bununla bağlı, həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Fövqəladə Hallar Nazirliyi qeyd etmişdi ki, bu yol hələ tam istifadəyə yararlı hesab olunmur, təhlükəsizliyi təmin edilməyib və burada müəyyən işlər aparılmalıdır.
Bu yolu alternativ yol kimi qəbul edə bilmərik. Çünki burada hər hansı hadisə baş verərsə, qurumlar haqlı olaraq bildirəcəklər ki, həmin yol bağlı saxlanılıb və sürücülər özləri oraya daxil olublar".
@_302_5 Aşağıda Formula 1 gedir Yuxarıda Off Road 😂
♬ Komi Crime - 3 (Журавли лeтят) - Гио Пика
Ekspert əlavə edib ki, digər alternativ yollarla bağlı belə problemlər varsa, bu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üçün də prioritet məsələlərdən biri olmalıdır:
"Alternativ yolların sürücülər üçün daha rahat və təhlükəsiz vəziyyətə gətirilməsi vacibdir. Hər halda, bu il xeyli küçədə işlər aparılıb. Ümid edirik ki, bu proses davamlı olacaq. Amma konkret sözügedən yol əslində bağlıdır. Orada beton lövhə var, sürücülər isə həmin maneəni bir qədər kənara çəkərək yoldan istifadə edirlər. Halbuki aidiyyəti qurumlar bildirirlər ki, bu yol təhlükəlidir".
Məsələ ilə bağlı AAYDA-ya ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, belə yollar Agentliyin balansında deyil.

