Sosial

Binəqədi məhkəməsi "David Seliverstov"un xüsusi şikayətini qəbul etmədi - "Kazımbala, ölkəyə gəl"

Binəqədi məhkəməsi David Seliverstovun xüsusi şikayətini qəbul etmədi - Kazımbala, ölkəyə gəl

Məşhur satira ustaları İlya İlf və Yevgeni Petrovun qələmə aldığı "On iki stul" və "Qızıl dana" romanlarının üzərindən əsrə yaxın vaxt keçməsinə baxmayaraq, baş qəhrəman Ostap Benderin "dələduzluq sənəti" haqda sitatları bu gün də öz aktuallığını itirməyib. Zaman, texnologiya və üsullar dəyişsə də, insan psixologiyası və onun zəifliklərindən istifadə edən fırıldaqçılıq mexanizmləri demək olar ki, eyni qalıb. "Təşkilatımız sizə kömək edəcək" kimi saf inamı istismar edən hiylələr bu gün də işləkdir. Ostap Bender kimi bunlar da özlərini adi dələduz deyil, qanunun boşluqlarından istifadə edən "mülki böyük kombinator" hesab edirlər. Özünü "beynəlxalq hüquq müdafiəçisi" elan edən "David Seliverstov" – Kazım Abbasov Müdafiə Nazirliyinin idarə rəsinin qardaşından 90 min dollar alıb və "təşkilatımız sizə kömək edəcək" vədi verib. 8 ay vədə əməl etməyib və məsələyə hüquq müdafiəçisi Çingiz Qənizadə müdaxilə edəndən, məsələ ictimailəşəndən cəmi 3 gün sonra pulu son qəpiyinə qədər qaytarıb. Özü də əməli barəsində, əsl kimliyi, kriminal keçmişi haqda ilk xəbər çıxandan dərhal sonra "beynəlxalq tədbirdə iştirak" adı ilə Azərbaycandan qaçıb.

Qaçaq "beynəlxalq hüquq müdafiəçisi" ilk günlər avqustun 20-də ölkəyə qayıdacağı haqda bəyanatlar versə də, sentyabr sona çatmasına baxmayaraq, hələ də "tədbir"dədir, ölkəyə öz xoşu ilə qayıdana da oxşamır.

Ölkədə olmasa da, əməllərini ifşa edən hüquq müdafiəçisi Çingiz Qənizadəni xüsusi ittiham qaydasında məhkəməyə verib. "Beynəlxalq hüquq müdafiəçisi"nin planı kənardan mükəmməl görünür, bir balaca "xırdalıq" nəzərə alınmasaydı – qanunun tələbinə görə xüsusi ittihamçı olaraq məhkəməyə gəlmək lazımdır...

Bu gün, Binəqədi rayon Məhkəməsində vəkillər, hüquq müdafiəçisi Çingiz Qənizadə iştirak edib. Hakimin "bəs xüsusi ittihamçı haradadır" sualına vəkili ölkədə olmaması cavabını verib. Məhkəmə xüsusi ittihamçının iştirakı olmadan işin icraata qəbul olunmasını yolverilməz hesab edib. Qanunun aliliyini rəhbər tutaraq işi icraata qəbul etməkdən imtina edib.

Beləliklə, əvvəllər narkotik, dələduzluq və s. cinayət əməllərinə görə dəfələrlə məhkum olunmuş "David Seliverstov" - Kazım Abbasovun Çingiz Qənizadəyə və mətbuata qarşı "möhtəşəm həbs ssenarisi" tam iflasa uğrayıb.

Uzaqdan məhkəmə simulyasiyası qurmaqla insanları aldatmaq fantastik filmlərdə belə artıq keçmir! (musavat.com)