"BMT-nin 79-cu sessiyasında sentyabrın 27-də İsrailin Baş naziri Binyamin Netanyahunun çıxışı zamanı 70-dən çox ölkənin nümayəndəsi zalı tərk edib. Azərbaycan nümayəndəsi isə zalı tərk etməyərək Netanyahunun çıxışını dinləyib.
Burada heç bir qəbahət yoxdur. Bizim nümayəndənin zalda qalması Netanyahunun fikirləri ilə razı olması demək deyil, Azərbaycanın buna razı olması demək deyil. Azərbaycan İsrailin strateji müttəfiqi, Türkiyənin isə qardaş ölkəsidir. "Bir millət, iki dövlət" şüarı bu gün də var, sabah da olacaq. Buna baxmayaraq, biz İsrailin Qəzzada törətdiyi qətliamı pisləmişik, bəyanatlar vermişik. Fələstin dövlətinin yaradılması ilə bağlı BMT-nin qərarını bu gün də dəstəkləyirik. Bu barədə də açıq şəkildə demişik".
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.
Onun sözlərinə görə, Azərbaycan siyasətini beynəlxalq hüquq normalarına uyğun aparır:
"Təəssüf ki, həm Türkiyədə, həm Azərbaycanda müxtəlif cür adamlar var ki, bu dostluğa kölgə salmaq istəyirlər, bu qardaşlığı düşmənçiliyə çevirmək istəyirlər. Ona görə də həmin qüvvələr var gücü ilə artıq bir neçə gündür mətbuatda aşağılayıcı yazılar yazırlar, sanki bizi düşmən gözündə görürlər. Bu, tamamilə yanlış addımdır.
Sentyabrın 27-də Anım Günü ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həm mətbuatda paylaşım etmişdi, həm də Azərbaycan Prezidentinə zəng edərək Anım Günü ilə bağlı başsağlığı vermiş və Azərbaycanla Türkiyənin dostluğundan danışmışdı.
Hesab edirəm ki, kimlərinsə ürəkbulandırıcı yazıları Azərbaycan-Türkiyə qardaşlığına heç bir xələl gətirə bilməz. Bunu istəyən qüvvələr çoxdur; bunu Avropa istəmir, Amerika istəmir, digər ölkələr istəmir, qonşumuz İran da istəmir, Ermənistan istəmir. Ancaq biz yadda saxlamalıyıq ki, həmişə Türkiyə bizim yanımızda olub. Elə 44 günlük Zəfər müharibəsində də bizə dəstək oldular. Bu gün də bizə dəstək verirlər və biz də, Azərbaycan da Türkiyəyə həmişə dəstək olmuşuq, beynəlxalq forumlarda da həmişə birgə çıxış etmişik.
Ancaq burada nümayəndəmizin zalı tərk etməməsi, hesab edirəm ki, elə də böyük qəbahət deyil. Yəni bu o demək deyil ki, bir daha təkrar edirəm, biz nələrəsə göz yumuruq. Xeyr, biz bunu deyirik, demişik. Onun haqqında cinayət işi açılıb və araşdırma aparılır. Onun törətdiyi qətliamlara görə Avropa ölkələrində qınanıb, bir sıra Avropa ölkələri də onun siyasətini dəstəkləmir.
Ancaq bu o demək deyil ki, İsrail xalqı, yəhudilər buna cavabdehdir. Yox. Bu gün Netanyahunun apardığı siyasəti dünyanın böyük əksəriyyəti, Birləşmiş Millətlər Təşkilatının üzvü olan ölkələrin böyük əksəriyyəti dəstəkləmir. Onun Qəzzada törətdiyi qətliamı pisləyirlər. Beynəlxalq Məhkəmə də bununla bağlı qərar çıxarıb və biz həmin qərarın icra olunmasını istəyirik.
Bu gün dünyada qanunun gücü deyil, güc amili işləyir. Azərbaycanla Türkiyənin qardaşlığına heç kim xələl gətirə bilməz. Biz indi Türkiyədə Azərbaycana qarşı çıxış edənlərin də kimliyini yoxlasaq, görərik ki, onların da hansısa digər, yəni bugünkü hakim partiyanın üzvləri yox, o partiyaya düşmən olan adamlardır, müxalifətdə olan adamlardır, Azərbaycanla Türkiyənin dostluğunu istəməyən adamlardır.
Hesab edirəm ki, bu məsələni böyüdüb belə bir siyasi dialoqa gətirmək əbəsdir. Bizim Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir və buna heç kim kölgə sala bilməz".

