Gündəm

Zahid Orucdan Avropaya çağırış: Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır

Zahid Orucdan Avropaya çağırış: Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır

Milli Məclisin deputatı Zahid Oruc "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının İkinci Əlavə Protokolunun qəbul edilməsi zamanı qarşılıqlı hüquqi yardım mexanizmlərinin bütün üzv dövlətlər üçün bərabər və effektiv işləməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, Azərbaycan hüquq-mühafizə orqanlarının Konvensiyaya qoşulan dövlətlərə göndərdiyi müraciətlərin icra vəziyyəti ilə bağlı konkret statistikanın açıqlanmasına ehtiyac var.

"Azərbaycan hüquq-mühafizə orqanlarının sənədi ratifikasiya edən dövlətlərə göndərdiyi müraciətlərin neçə faizi icra olunur, hansı sayda sorğu cavabsız qalır və yardım göstərilməsindən imtinaların hüquqi əsasları nədir? Əgər bir dövlət digər tərəfin sorğularını sistemli şəkildə icra etmir, cavabları gecikdirir və ya siyasi mülahizələrlə hüquqi əməkdaşlıqdan yayınırsa, Konvensiyanın "qarşılıqlı yardım" prinsipi formal xarakter alır", - deyə deputat qeyd edib.

Z.Oruc bildirib ki, hərbi meydanda məğlub olan qüvvələr mübarizəni informasiya müstəvisinə keçiriblər.

"Prezident İlham Əliyev dəfələrlə çıxışlarında dezinformasiyanın, saxta xəbərlərin, hibrid təhdidlərin və "deepfake" əsaslı hücumların dayanmadan artdığını xüsusi vurğulayıb. Ölkə başçısı Türk Dövlətləri Təşkilatının təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə xarici hücumların ideoloji xarakter daşıdığını, onların dövlət quruluşunu sarsıtmağa, ictimai həmrəyliyi pozmağa, yad narrativ və dəyərləri aşılamağa yönəldiyini vurğuladı", - deyə o bildirib.

Deputatın sözlərinə görə, dövlət başçısı təhlükəsizlik orqanlarının qarşısında ölkənin zəif nöqtələrinin və "yad ünsürlərin" nüfuz edə biləcəyi kanalların müəyyənləşdirilməsi ilə bağlı konkret vəzifələr qoyub.

Z.Oruc 2024-cü ildə parlamentdə də xaricdən zorakılığa, terrora və konstitusiya quruluşuna qarşı cinayət xarakterli çağırışların hüquqi baxımdan cavabsız qalmamalı olduğunu bildirdiklərini xatırladıb.

"Dövlət himayəli casus qüvvələr, milli və sosial simasını itirmiş şəxslər haqlı mövqeyimizi fiziki zorakılığa çağırış kimi qiymətləndirib aylarla beynəlxalq təşkilatlara şikayət etdilər. Halbuki özləri hər gün dövlət adamlarına və Qələbəmizə qarşı linç kampaniyası aparırlar. İki gün əvvəl Strasburqda mühacir şəbəkəsinin 1-ci Konqresi keçirildi. Yəni, xarici mərkəzlər daha sistemli maliyyə və siyasi yardımla ölkəmizi ləkələnməsini intensivləşdirəcəklər", - deyə deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu konkret şəxslərin əməlləri ilə bağlı istintaq apararaq qiyabi məhkəmə qərarları çıxarıb.

Zahid Oruc bildirib ki, Fransada deputat Natali Luazo və digər siyasətçilərin əli ilə himayə və idarə olunan Məhəmməd Mirzəli barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri üzrə hökm çıxarılıb və o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Tural Sadıqlı və cinayət işi üzrə digər şəxslərə qarşı isə 178.3.1, 214-2 – terrorçuluğa açıq çağırışlar, 220.2, 281.2 və 320.1-ci maddələr üzrə ittihamlar irəli sürülüb. Lakin Avropada qaçqınlıq və mühacir statusu altında həmin şəxslər toxunulmaz elan edilərək, güclü qorunma altında fəaliyyətlərini davam etdirirlər", - deyə deputat bildirib.

Z.Oruc Fransa, Almaniya və digər dövlətlərdən qanundan kənar addım tələb etmədiklərini də vurğulayıb.

"Əksinə, onların qoşulduqları hüquqi mexanizmlərin işləməsini gözləyirik. Avropa hüquq sistemində 1959-cu il Konvensiyasının əsas tələbi tərəflərin cinayət işləri üzrə bir-birinə mümkün qədər geniş yardım göstərməsidir", - deyə o qeyd edib.

Deputat Prezident İlham Əliyevin bir neçə gün əvvəl fransız vətəndaşını əfv edərək azadlığa buraxmasını da xatırladıb.

"Prezident İlham Əliyev fransız vətəndaşını əfv edərək onu azadlığa buraxdı və beynəlxalq hüquqi prinsiplərə ehtiramını nümayiş etdirdi. Halbuki Merkorma şirkətinin çətiri altında indi bağışlanan şəxs ölkəmiz əleyhinə casusluq fəaliyyəti göstərmiş, məhkəmə hökmünə əsasən ətrafına daha çox şəxsləri cəlb etmək üçün gizli sövdələşmələr aparmışdı. Fransa Xarici İşlər Nazirliyi 23 sentyabrda prezidentin addımını "humanitar jest" adlandırıb və Azərbaycan tərəfinə təşəkkür edib. Lakin hüquqi əməkdaşlıq birtərəfli ola bilməz", - deyə Zahid Oruc bildirib.

O, xaricdən zorakılığa, terrora, kütləvi iğtişaşlara və konkret şəxslərə qarşı cinayət törətməyə çağırışların "ifadə azadlığı" kimi qiymətləndirilməməli olduğunu deyib.

"Əksinə, ABŞ-ın qanunvericiliyi konkret cinayətlər üzrə eksterritorial yurisdiksiya prinsipi ilə hərəkət edir", - deyə deputat əlavə edib.

Zahid Oruc hesab edir ki, Azərbaycanda Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, eləcə də aidiyyəti təhlükəsizlik və media qurumlarının iştirakı ilə xüsusi hesabat hazırlanmalıdır.

Onun sözlərinə görə, "Azərbaycan Respublikasına qarşı xaricdən həyata keçirilən cinayət xarakterli rəqəmsal və hibrid fəaliyyətlər, beynəlxalq hüquqi yardım və ekstradisiya mexanizmlərinin nəticələri haqqında" hesabatda son beş ildə ölkələr üzrə göndərilmiş hüquqi yardım sorğularının sayı, onların neçə faizinin icra edildiyi, neçə sorğunun cavabsız qaldığı, imtinaların hüquqi səbəbləri, elektron sübutların və platforma məlumatlarının təqdim edilməsi vəziyyəti, habelə axtarışda olan şəxslərlə bağlı görülmüş tədbirlər göstərilə bilər.

"Eyni zamanda Avropa Şurası qarşısında da məsələ qaldırıla bilər ki, qarşılıqlı hüquqi yardım Konvensiyasının tətbiqinə dair ölkələr üzrə real göstəricilər daha şəffaf olsun. Qarşılıqlı hüquqi yardım birtərəfli olmamalıdır.

Azərbaycan prokurorluq orqanlarını mühüm beynəlxalq hüquqi alətlərdən daha fəal istifadə etməyə çağırırıq", - deyə deputat vurğulayıb.