"Cənubi Qafqazın nəhəng hərbi-texnoloji platforması olan və müdafiə sənayesinin qlobal güclərini bir araya gətirən ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və paralel keçirilən "Securex Caspian" sərgisinin rəsmi açılışı baş tutub".
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Rövşən Məhərrəmov bildirib.
Onun sözlərinə görə, regionun ən böyük hərbi texnika və silah ekspozisiyalarından biri olan ADEX bu gün sadəcə yerli hərbi sənayemizin gücünü nümayiş etdirən meydança deyil, həm də qlobal miqyasda strateji əhəmiyyət daşıyan unikal platformaya çevrilib:

"Müasir dünyada müşahidə olunan dərin geosiyasi qütbləşmə beynəlxalq sərgilər sisteminə də ciddi təsir göstərir. Belə ki, Qərb ölkələrində təşkil olunan müdafiə sərgilərinə Rusiya və onun tərəfdaşları buraxılmır və ya qatılmırlar, Rusiyada keçirilən tədbirlərdə isə sərt sanksiyalar və siyasi baryerlər ucbatından Qərb şirkətlərinin iştirakı qeyri-mümkün olur. Bu sistemli parçalanma fonunda Azərbaycanın yürütdüyü balanslı və müstəqil siyasət ölkəmizə nadir bir fürsət pəncərəsi açır. Bakı Qərb texnologiyaları ilə digər qütblərin həllərini eyni coğrafiyada, təhlükəsiz və neytral mühitdə birləşdirə bilən yeganə etibarlı mərkəzlərdən birinə çevrilib".
Hərbi ekspert əlavə edib ki, regional müstəvidə Qazaxıstanda müvafiq miqyaslı sərgilərin keçirilməməsi və ya mövcud alternativlərin zəifləməsi fonunda diqqət tamamilə Xəzər hövzəsinin əsas hərbi-siyasi mərkəzi olan Bakıya yönəlib:
"Bu amil ADEX-in regional mərkəz kimi çəkisini qat-qat artırır, Mərkəzi Asiyadan tutmuş Avropaya qədər geniş coğrafiyadan nümayəndə heyətlərinin məhz Azərbaycanı seçməsinə şərait yaradır. Bütün bunlar bir daha sübut edir ki, ADEX 2026 sadəcə hərbi texnika nümayişi deyil; bu, qlobal qütbləşmə dövründə Azərbaycanın həm Şərqlə, həm də Qərblə effektiv və bərabərhüquqlu hərbi-texniki dialoq qura bilən güclü geosiyasi mövqeyinin növbəti təsdiqidir".


