Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 172,2 milyon dollarlıq pomidor ixrac edilib. Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15 milyon dollar və ya 9,5% artıb.
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, gəlirlər 9,5 faiz artıb, satılan məhsulun həcmi demək olar ki, ötən illə eynidir:

"Pomidor hətta ötən ilin ilk 8 ayı ilə müqayisədə 0,7 faiz daha az ixrac olunub. Amma qiyməti 9,6 faiz yüksəldiyi üçün ixracdan əldə olunan gəlirlər artıb. Yəni burada söhbət pomidorun daha çox ixrac edilməsindən yox, satılan pomidorun qiymətinin bahalaşmasından gedir. Təbii ki, istehsalın həcmi də burada önəmlidir ki, ötən illə müqayisə apara bilək. İxracın həcmində ciddi dəyişiklik yoxdur, amma qiymətin yüksəlməsi sahibkarı məhsulu xaricə satmağa daha maraqlı edir. Amma burada digər bir məqam da var: daxili bazarda pomidorun qiyməti ötən illə müqayisədə nə qədər artıb? Bu barədə də məlumat yoxdur. Bir neçə vacib göstərici olmadığına görə, sadəcə ixrac gəlirlərinin artmasının daxili bazarda pomidorun qiymətinə təsir etdiyini demək olmaz".
Xalid Kərimli vurğulayıb ki, birmənalı şəkildə demək olar ki, ixrac olmasa, daxili bazarda qiymətlər daha aşağı ola bilər:
"Bu, adi bazar qaydasıdır. Məsələn, satış kanallarından biri bağlanarsa, bazarda məhsulun həcmi artar və qiymətlər aşağı düşə bilər. Lakin ötən il də pomidor ixrac olunub, bu il də ixrac edilir. Ona görə də ixracın daxili bazardakı qiymətlərə təsir edib-etmədiyini müəyyənləşdirmək üçün ilk növbədə ölkədə nə qədər pomidor istehsal olunduğunu və istehsal həcminin ötən illə müqayisədə necə dəyişdiyini bilmək lazımdır. Yalnız bundan sonra bu barədə daha dəqiq fikir söyləmək mümkündür".


