Kriminal

Azərbaycanda ailə dramı — Oğlum "bağışla" dedi, sonra da...

Azərbaycanda ailə dramı — Oğlum bağışla dedi, sonra da...

Samux rayonunda 22 yaşlı oğlan anasına bıçaqla ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Rəvan yaşadıqları evdə anası Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında baş vermiş ailə-məişət münasibətləri zəminində mübahisə zamanı bıçaqla anasına zərbə vurub.

Rəvanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəvan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Samux rayonunun qəsəbəsində evdə olarkən hadisə baş verib:

"Hadisənin axşam saatlarında baş verdiyini xatırlayıram. Lakin dəqiq saatını xatırlamamışam. Özümə xəsarət yetirmək istədiyim vaxt anam qarşıma keçdi və bu zaman ehtiyatsızlıqdan anama bıçaq dəydi".

Təqsirləndirilən şəxs özünə xəsarət yetirməyinin səbəbinin ailə və evlə bağlı problemlər, eləcə də maddi çətinliklər və bacısının xəstə olması ilə əlaqədar olduğunu bildirib:

"Aramızda hər hansı mübahisə olmayıb. 2 qardaş və 1 bacı olmuşuq. Ailədə böyük övlad özüm olmuşam. Anamla birgə yaşamışıq. Atam 2021-ci ilin dekabr ayında intihar edib".

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü anası ilə bağlı qısqanclıq üstündə mübahisəsi olmayıb. Onun sözlərinə görə, bıçağı mətbəxdən götürüb, hadisə zamanı onu əlində sağa-sola fırladıb və anası bunu görərək qarşısına keçib:

"Anam mənə mane olmağa çalışdığı vaxt ehtiyatsızlıqdan bıçaq ona dəydi. Həmin an fikrim qarışıq olub. Bıçaqdan istifadə etməmişdən əvvəl anama heç bir hədə-qorxu gəlməmişəm. Anamla münasibətlərim yaxşı olub, əvvəllər aramızda mübahisə olmayıb. Əməlimdən peşman olmuşam. Hadisədən sonra problemlərim həll olunmayıb, problemlərim davam edib".

İş üzrə zərərçəkmiş Mədinənin sözlərinə görə, Rəvan çox əsəbi olub, maddi vəziyyətləri pis olub:

"Rəvan özünü vurmaq istədi. Bu zaman "ana" deyərək məni çağırdı. Mane olmağa çalışaraq qarşısına keçdim. O, iki dəfə "ana, bağışla məni" dedi. Daha sonra özümdə olmadım. Rəvanın özünü vurmaq səbəbi bilinməyib. Lakin maddi və mənəvi problemlərim çox olub. Digər uşaqlarıma Rəvan ata kimi olub, bütün yük onun üzərində idi".

Mədinə ibtidai istintaq zamanı verdiyi ifadəsində isə göstərib ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik olaraq istixanalarda fəhləlik edərək ailəsini dolandırır:

"Əkbərlə 2002-ci ildə ailə həyatı qurmuşam. Birgə nikahdan 2004-cü ildə Rəvan, 2005-ci ildə Nəcibə, 2006-cı ildə isə Aqil adlı övladımız dünyaya gəldi. Sonradan Əkbərlə boşandım. 2021-ci ildə o, intihar edərək öldü. Oğlum Aqil həqiqi hərbi xidmətdədir. Digər övladlarım Rəvan və Nəcibə heç bir yerdə işləmir, onlara özüm baxmışam. Ailəmin maddi vəziyyəti normal olmayıb, qızım şəkər xəstəsidir. Oğlum Rəvan isə ara-sıra günəmuzd fəhləlik edib".

Zərərçəkmiş şəxsin sözlərinə görə, hadisədən əvvəl, axşam saatlarında yaşadığı evdə olarkən Rəvanın kefsiz olduğunu görüb, ona yaxınlaşaraq səbəbini soruşub:

"Rəvan əsəbi halda ondan uzaq durmağımı bildirdi. Yenidən səbəbi soruşdum. Deməli, sözü olduğunu, lakin bunu sabah deyəcəyini bildirdi və evdən çıxaraq getdi".

Mədinə qeyd edib ki, növbəti gün qızı Nəcibəni səhhəti ilə əlaqədar Gəncə şəhərində yerləşən göz xəstəxanasına aparıb:

"Həmin gün saat təxminən 16 radələrində qızımla birlikdə evə qayıtdım. Bu zaman Rəvan da evdə olub. Məndən haradan gəldiyimi soruşdu. Ona qızımı həkimə apardığımı bildirdim. Daha sonra yemək hazırladım, birlikdə yemək yedik. Hava qaralana yaxın evin həyətinə çıxaraq qabları yudum. Sonra paltar yuduğum zaman oğlum da həyətə çıxdı. Oğlumun kefsiz olduğunu görərək ondan demək istədiyi sözü soruşdum. O, əsəbi halda "niyə belə edirsən" dedi. Hansı hərəkətinin nəzərdə tutulduğunu soruşdum. Bu zaman əlimdə olan paltarı alaraq əl-üz yuyanın üzərinə qoydu. Daha sonra yaxınlaşaraq "ana, məni bağışla" dedi. Bu sözlərin səbəbi aydın olmadı. Bundan dərhal sonra oğlum əlində olan bıçaqla qarın nahiyəmdən bir dəfə vurdu. Baş verən hadisəni dərhal anlamamışam. Əlimi qarın nahiyəmə tutduqda qan axdığını gördüm. Oğlum da qanı gördükdən sonra hadisə yerindən qaçdı. Mən evə daxil oldum, qızım nə baş verdiyini soruşdu. Mən əvvəlcə yıxıldığımı, daha sonra isə oğlumun bıçaqla xəsarət yetirdiyini bildirdim".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəvan 3 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

B
Qeyd edilməyib