Kriminal

Enerji içkisi ilə araq içdi, əsəbləşib dostunu öldürdü — Bərdədəki hadisənin detalları

Enerji içkisi ilə araq içdi, əsəbləşib dostunu öldürdü — Bərdədəki hadisənin detalları

Bərdə rayonunda 19 yaşlı oğlan dostunu qətlə yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində baş verib. 2007-ci il təvəllüdlü Hüseyn həmin gün Mehdi Hüseynovla birlikdə spirtli içki qəbul edib.

Daha sonra Mehdi Hüseynə qarşı nalayiq söyüşlər işlədib. Bundan əsəbiləşən Hüseyn qisas almaq niyyəti ilə həmkəndlisini öldürmək qərarına gəlib.

Bu məqsədlə Hüseyn Mehdinin alın nahiyəsinə ayağı ilə zərbə vuraraq onu yerə yıxdıqdan sonra spirtli içki şüşəsini sındırıb, şüşə parçası ilə ona zərbələr vurub. Mehdi kəskin qan itirmədən ölüb.

Hüseynin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

İş üzrə izahat verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, ailə üzvləri, anası, atası, qardaşı və bacısı Yevlax rayonunda yaşayırlar:

"Mən uşaqlıqdan ana babam Elşən və ana nənəm Rəsmiyyə saxladıqları üçün onlarla birlikdə Bərdə şəhərində yaşayıram. Azərbaycan dilində danışa və başa düşə bilirəm. Ancaq natamam orta təhsilli olduğum üçün yazmaqda çətinlik çəkirəm. Təxminən iki dəfə Maştağa qəsəbəsində Psixiatriya xəstəxanasında müalicə almışam. 180 manat xəstəliyimə görə pensiya alıram. Həqiqi hərbi xidmətdən də ruhi-əsəb xəstəliyinə görə saxlanılmışam".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Mehdi Hüseynovu təxminən 3 ildir tanıyır:

"Mən də onun kimi tüfeyli həyat yaşayıram. Mehdi ilə birlikdə Bərdə şəhəri, Qəhrəmanlar parkında dayanan maşınlardan dayanacaq pulu yığırıq. Bununla bağlı aramızda tez-tez mübahisələr olurdu. Mehdi deyirdi ki, bura onun ərazisidir, sən buraya gələn maşınlardan qəpik ala bilməzsən. Ona görə bir dəfə, təxminən qətl hadisəsindən bir-iki ay əvvəl, onunla əlbəyaxa dalaşdıq, dəmir parçası ilə onun başından vurdum. Ancaq mən bu barədə nə o, nə də Mehdi heç kimə şikayət etmədi".

Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə bağlı bildirib ki, axşam saatlarında Mehdi ona spirtli içki alaraq bir yerdə içməyi təklif edib:

"Mən araq və "Bizon" enerji içkisi, 2 ədəd plastik stəkan aldıqdan sonra Mehdi ilə birlikdə Bərdə rayonu, Alaçadırlı kəndinin girişində dəmiryol xəttinin kənarında oturduq. Aldığım spirtli içkiləri qəbul etdik. Arağı qurtarandan sonra Mehdi məndən siqaret istədi. Ona bir siqaretimin olduğunu, bölərək yarısını verəcəyimi dedim. Bu zaman üzümdən ehmalca şillə vurdu, başladı söyərək məni təhqir eləməyə. Mənimlə varyox, ana, bacı söyüşü etdi. Bu sözlərindən əsəbiləşdim və oturduğum yerdən qalxaraq təpiklə onun başına zərbə vurdum. Zərbənin təsirindən başı divara dəydi. Sonra yıxdım yerə və hər iki ayağım ilə onun başından bir neçə təpiklə zərbə vurdum. "Bizon" enerji içkisinin qabını əlimdə kəsdim ki, onun boğazını kəsim. Ancaq gördüm ki, həmin dəmir parçası nazikdir, onunla Mehdinin boğazını kəsə bilməyəcəyəm. Ona görə yerdə olan araq şüşəsini götürdüm və onu sındırdım. Bu zaman Mehdinin yenə üzr istəmədiyini gördüm və təkrar olaraq almış olduğumuz spirtli içki şüşəsini sındırdım. Əlimdə olan şüşənin hissəsi ilə əvvəlcə yerdə uzanıqlı vəziyyətdə olan Mehdinin boğazını kəsdim. Onun qarın nahiyəsinə həmin şüşə hissəsi ilə 3 zərbə vurdum ki, ölmüş olduğuna əmin olum. Mehdinin artıq ölmüş olduğuna əmin olduqdan sonra üzərimdə olan koftanı çıxardaraq onun üstünə sərmək istədim ki, heç kəs meyiti görməsin. Ancaq hava soyuq olduğu üçün koftanı çıxartmadım və yolun kənarına doğru gəldim. Orada tanımadığım bir taksiyə minərək Bərdə rayon polis şöbəsinə gəlib törətmiş olduğum cinayət əməlimi etiraf etdim".

Təqsirləndirilən şəxs bildirib ki, Mehdi Hüseynov və ya qeyrisi ona hər hansı bir xəsarət yetirməyib:

"Mehdi Hüseynovu öldürmək məqsədilə şüşə parçası ilə zərbə vurarkən ətrafda heç kəs olmayıb. Mehdini öldürmək məqsədilə istifadə etdiyim şüşə parçası içdiyim spirtli içkinin şüşəsi olub. Mən həmin vaxt içkili olduğum üçün bu hadisəni törətmişəm. Sonra isə əməlimdən peşman olmuşam. Əgər hadisə zamanı içkili olmasaydım, Mehdini vursam belə, öldürməyəcəkdim".

Zərərçəkmiş Mehdi Hüseynovun hüquqi varisi qismində dindirilən qardaşı ifadəsində göstərib ki, təqsirləndirilən şəxs qardaşını amansızcasına bir neçə təpik zərbəsi ilə döyüb, başını divara vurub və şüşə vasitəsilə ağır zərbələrlə xəsarətlər yetirib:

"Mən gecə saatlarında yatan zaman polis idarəsindən zəng gəldi, qardaşımın bıçaqlandığı deyildi və polis əməkdaşları tərəfindən xəstəxanaya çağırıldım. Polis əməkdaşları tərəfindən qardaşımı öldürən şəxsin şöbəyə gedərək təslim olduğu deyildi".

Hüquqi varis ifadəsində əlavə olaraq göstərib ki, təqsirləndirilən şəxsi əvvəllər tanımayıb, qardaşı ona Hüseyn adlı şəxslə dostluq münasibətlərinin olduğunu deməyib: "Mən qardaşımın davakar insan olmadığını bildirdim. Qardaşım həddən artıq spirtli içki qəbul etdiyi səbəbdən iki ay müalicə alıb".

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

R
Redaktor