Qızıl bazarında son günlər müşahidə olunan dalğalanmalar investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti ilə bağlı gözləntilər və yüksək faizlərin uzun müddət qüvvədə qala biləcəyi ehtimalı qızılın qiymətinə təzyiq göstərir. Bununla yanaşı, qlobal iqtisadi və geosiyasi proseslər də qiymətli metalın istiqamətinə təsir edən əsas amillər sırasında qalır.
Dünya bazarında qızılın qiymətindəki son dəyişikliklər Azərbaycanda qızılın qiymətinə nə dərəcədə təsir edə bilər? Yaxın dövrdə ölkəmizdə qızılın ucuzlaşması və ya bahalaşması gözlənilirmi?
İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, qızıl bazarında hazırkı dalğalanmanı yalnız qızılın özünə olan tələbin dəyişməsi ilə izah etmək düzgün deyil:

"Burada əsas amillərdən biri ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətidir. Son günlər ABŞ dollarının möhkəmlənməsi, ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi və faizlərin daha uzun müddət yüksək qala biləcəyi gözləntiləri qızıl üzərində ciddi təzyiq yaradıb. Bu, bizə bir şeyi göstərir: qızıl bazarında hazırda sabit istiqamət yoxdur, volatillik yüksəkdir. Azərbaycana təsir isə kifayət qədər birbaşa ola bilər. Çünki qızıl dünya bazarında dollarla qiymətləndirilir və manatın dollar qarşısında məzənnəsi sabit qaldıqda dünya qiymətindəki dəyişiklik daxili bazara daha tez ötürülür. Hazırda dolların rəsmi məzənnəsi 1,70 manatdır. Məsələn, 24 əyarlı qızılın hesablanmış qram qiyməti sentyabrın əvvəlində təxminən 245 manat olduğu halda, sentyabrın 29-da 225,6 manata düşüb. Bu da təxminən 8 faiz azalma deməkdir. Ona görə yaxın dövrdə Azərbaycanda qızılın müəyyən qədər ucuzlaşması mümkündür. Amma mən bunu uzunmüddətli və kəskin ucuzlaşma kimi qiymətləndirməzdim. Çünki geosiyasi risklər, mərkəzi bankların qızıl tələbi və qlobal maliyyə bazarlarındakı qeyri-müəyyənlik qızıl üçün hələ də dəstək yaradır".
İqtisadçının fikrincə, burada Azərbaycan üçün maraqlı məqam ondan ibarətdir ki, qızılın qiyməti yalnız dünya bazarındakı kotirovka ilə müəyyən edilmir:
"Əyar, işçilik, emal, ticarət marjası və digər xərclər də son qiymətə daxil olur. Buna görə dünya bazarında 5 faiz ucuzlaşma mağazada qızılın avtomatik olaraq 5 faiz ucuzlaşması demək deyil. Mənim gözləntim odur ki, yaxın həftələrdə Azərbaycanda qızıl bazarında dalğalanma olacaq. Əgər ABŞ-də faizlərin daha da yüksəldilməsi gözləntiləri güclənsə, qızıl üzərində təzyiq davam edəcək. Əksinə, faiz artımı gözləntiləri zəifləsə və geosiyasi risklər yenidən ön plana çıxsa, qızılın qiymətində sürətli bərpa görə bilərik. Yəni bu gün qızıl alan və ya satan şəxs yalnız bugünkü qiymətə yox, ABŞ-nin faiz siyasətinə, dolların istiqamətinə və qlobal geosiyasi vəziyyətə baxmalıdır".


