Cəzanı başa vuraraq azadlığa çıxan şəxslərin cəmiyyətə yenidən inteqrasiyası və əmək fəaliyyətinə başlaması mühüm məsələlərdən biridir. Lakin məhkumluğun olması bəzi hallarda şəxsin müəyyən peşə və vəzifələrdə çalışmasına hüquqi məhdudiyyətlər yarada bilər.
Keçmiş məhkumlar hansı sahələrdə işləyə bilər, hansı vəzifələrə isə qəbul olunmaları mümkün deyil?
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, cəzasını başa vurmuş şəxslərin, əlbəttə, işləmək hüququ var.

Onun sözlərinə görə, müəyyən vəzifələr var ki, həmin vəzifələrdə şəxslərin əvvəlki kriminal keçmişinə görə işə qəbul edilməsi qadağandır:
"Bu iş yerlərinin siyahısı müvafiq orqan tərəfindən müəyyən olunur. Şəxs hətta cəzasını başa vurub, məhkumluğu ödənilməyibsə belə, işləyə bilər. Amma müəyyən hüquq-mühafizə orqanlarında və sair sahələrdə bir qədər məhdudiyyətlər qoyulur. Qeyri-rəsmi olaraq belə məhdudiyyətlər də var".
Sahib Məmmədov qeyd edib ki, şəxs cəzasını başa vurubsa, hətta məhkumluğu ödənilməyibsə belə, işləyə bilər:
"Cəmiyyətdə bununla bağlı problem var. Kriminal keçmişə görə bəzən işəgötürənlər şəxsləri işə qəbul etmək istəmirlər. Məsələn, narkotik vasitələrin ticarəti, qaçaqmalçılıq, oğurluq, dələduzluq və ya hansısa ağır cinayət, xüsusilə şəxsiyyət əleyhinə ağır cinayət törətmiş şəxsləri işəgötürənlər bir qədər həvəssiz qəbul edirlər. Amma bununla bağlı hüquqi baxımdan problem yoxdur".
Sədr əlavə edib ki, məhkumluğun ödənilməsi müddəti şəxsin aldığı cəzanın növündən və törətdiyi cinayətin ağırlıq dərəcəsindən asılıdır:
"Şərti məhkum edilmiş şəxslər üzrə sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzalara, məsələn, cərimə və ya islah işlərinə məhkum edilmiş şəxslərdə isə cəza çəkilib qurtardığı gündən 1 il keçdikdə məhkumluq ödənilir. Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərdə cəza çəkilib qurtardığı gündən 3 il keçdikdə, ağır cinayətlərə görə məhkum edilmiş şəxslərdə 6 il keçdikdə, xüsusilə ağır cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərdə isə 8 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur".


