Kriminal

Sumqayıtda dərzi döyüldü

Sumqayıtda dərzi döyüldü

Sumqayıtda iki nəfərin arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 3-cü mikrorayonda moda evinin giriş qapısının önündə baş verib.

1986-cı il təvəllüdlü, həmin moda evində dərzi işləyən Amal Sərxanla (adlar şərtidir – red.) mübahisə edib.

Buna səbəb Sərxanın Amalın ünvanına təhqiramiz ifadələr işlətməsi olub. Baş verən mübahisə zamanı Amal Sərxanın sağ biləyinə və sağ dizinin arxa səthinə üzəri rezin materialdan olan qapı kilidi ilə qəsdən vurub, ona xəsarət yetirib.

Amalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Sumqayıt Şəhər Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslə zərərçəkmiş arasında barışıq əldə olunub. Zərərçəkən də ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli