Ötən gün qoyun otaran 51 yaşlı kişinin ildırım vurması nəticəsində həyatını itirməsi ildırım çaxması zamanı təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini bir daha gündəmə gətirib.
Bəs ildırım zamanı insan özünü qorumaq üçün hansı qaydalara əməl etməlidir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik eksperti Samir Nəbiyev bildirib ki, ildırım zamanı əsas qayda açıq sahədə qalmamaqdır.

Onun sözlərinə görə, göy gurultusu eşidilirsə, yağış başlamasa belə, ildırım təhlükəsi artıq var:
"Açıq havadakı işi dayandırıb dərhal əsaslı, tam qapalı binaya və ya pəncərələri bağlı, metal damlı avtomobilə sığınmaq lazımdır. Çadır və yanları açıq talvar ildırımdan etibarlı qoruma təmin etmir. Tək ağacın altında gizlənmək, yüksəklikdə, elektrik dirəklərinin, metal hasarların və su hövzələrinin yanında dayanmaq təhlükəlidir. Yaxınlıqda sığınacaq yoxdursa, bu yerlərdən uzaqlaşıb təhlükəsiz qapalı yerə çatmağa çalışmaq lazımdır. Yerə uzanmaq olmaz: ildırım cərəyanı torpaq səthi ilə yayılaraq insana təsir edə bilər. Açıq havada heç bir duruş tam təhlükəsizlik yaratmır. Evdə pəncərələrdən uzaq durmaq, duş qəbul etməmək, kran suyundan və elektrik şəbəkəsinə qoşulmuş cihazlardan istifadə etməmək tövsiyə olunur. Şarj cihazına qoşulmayan mobil telefondan istifadə etmək olar; simli telefondan isə istifadə edilməməlidir. Yağışın dayanması təhlükənin bitməsi demək deyil.
Son göy gurultusundan sonra ən azı 30 dəqiqə sığınacaqda qalmaq lazımdır. Xüsusilə çobanlar və açıq sahədə işləyənlər əvvəlcədən hava proqnozunu yoxlamalı, ildırım gözlənildikdə fəaliyyətlərini təxirə salmalı və ya təhlükəsiz sığınacağa vaxtında keçməlidirlər. İldırım vurmuş insana toxunmaq olar onun bədənində elektrik yükü qalmır. Xilasetmə zamanı öz təhlükəsizliyini də nəzərə almaq, dərhal 112-yə məlumat vermək lazımdır. Zərərçəkən huşsuzdursa və normal nəfəs almırsa, təcili yardım dispetçerinin göstərişlərinə uyğun ürək-ağciyər reanimasiyasına başlanılmalıdır".


