Əmək Məcəlləsinə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılmasını nəzərdə tutan dəyişiklikdən sonra 2027-ci ildə Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı gözləntilər yaranıb.
Bəs minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı hansı meyarlar əsas götürülməlidir və artımın hansı səviyyədə olması işçilərin real gəlirlərinə təsir göstərə bilər?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, minimum əməkhaqqının artımı zamanı həm inflyasiya, həm də insanların real gəlirlərinin artım tempi nəzərə alınmalıdır.

Onun sözlərinə görə, minimum əməkhaqqını həddindən artıq qabartmaq olmaz:
"İndi 400 manatdır, ehtimal edirəm ki, ən yaxşı halda yəqin ki, bir 10% artacaq, bu, 440 manat olacaq. Minimum əməkhaqqının yeganə əhəmiyyəti ondan ibarətdir ki, işəgötürənlər minimum əməkhaqqından aşağı maaş verə bilməzlər işçiyə. Və burada müəyyən standartlar mövcuddur. Amma 440 manat, əsasən də Bakı şəhərində, bu maaşa işləmək istəyən varmı və yaxud da tapılacaqmı?
Yəni bu minimum əməkhaqqı məsələsi əksinə, artan zaman VÖEN-lə çalışanların problemi yaranır. Çünki qanunvericilikdə belə bir bağ var. VÖEN-lə çalışanlar, yəni kiçik sahibkarlar, minimum əməkhaqqı artan kimi DSMF-yə onların vergisi də artır, ödənişləri də artır. İlk növbədə qanunvericilikdən bu bağ da çıxarılmalıdır. Yəni VÖEN-lə çalışanların DSMF-yə ödədikləri vəsait minimum əməkhaqqından asılı olmamalıdır. Yəni bu çıxarılmalıdır.
Amma ümumilikdə, təbii ki, minimum əməkhaqqının artması, ümumiyyətlə əməkhaqqının artması pozitiv məsələdir, yəni artmalıdır, bundan da çox artmalıdır. Amma gözləntilərimizi də çox yüksəltməməliyik. Yəni indiki iqtisadi durumu nəzərə alsaq, minimum əməkhaqqının birdən-birə 30%, 40%, 50% artacağını gözləmək, təəssüf ki, mümkün deyil".


