Özəl

Payız mövsümündə ən çox seçilən rayonlar açıqlandı

Payız mövsümündə ən çox seçilən rayonlar açıqlandı

Payız mövsümünün başlaması ilə Azərbaycanda turizm sektorunda da müəyyən dəyişikliklər müşahidə olunur. Bu dövrdə yay turizmi ilə yanaşı, regionlarda təbiət, qastronomiya və festival turizminə maraq arta bilər.

Bəs payız turizmini daha da canlandırmaq və bölgələrə turist axınını artırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən "SKAL International Baku" Turizm Peşəkarları Klubu baş katibi, turizm üzrə ekspert Cavid Seyidov bildirib ki, Azərbaycanda payız turizminin potensialı hələ tam istifadə olunmur.

Payız mövsümündə ən çox seçilən rayonlar açıqlandı

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri turizm məhsullarımızın bir hissəsinin hələ də mövsümə, xüsusilə yay və yaz mövsümlərinə uyğunlaşdırılmasıdır:

"Halbuki regionlarımızın bir çoxunda payız fəslinin özünəməxsus üstünlükləri var. Buna Quba, Qusar, Qəbələ, Şəki, Zaqatala, cənub zonasında isə Lənkəran və Astaranı əlavə etmək olar. Xüsusilə Lənkəran-Astara bölgəsinin qastronomiyasını və kənd turizmini qeyd etmək olar. Yaxın vaxtlarda Şamaxıda yeni otellərin istifadəyə verilməsi də Şamaxı istiqamətinə marağın artmasına səbəb ola bilər. Nə qədər çox yeni turizm imkanları yaranırsa, turizm infrastrukturu qurulursa, turistlərin, həm daxili, həm də xarici səfər edənlərin seçim imkanları da artır.

Yəni burada məqsəd odur ki, qonaq, turist, yerli və yaxud xarici səfər edən şəxs bilməlidir ki, payız fəslində Azərbaycanda turizmdə hansı dəyişikliklər baş verir və nələri seçə bilər. Amma biz çox vaxt payız və qış fəslini bir-birindən fərqləndirmirik. Qış fəslində Yeni il olduğu üçün və dağ kurort imkanlarımız mövcud olduğundan seçimlər daha məhdud və spesifik olur. Amma payızda bu bir qədər dəyişir və fərqli imkanlar yaranır. Müştəriyə də əsasən otaq yox, təcrübə lazımdır. Çünki indiki turist otelə və ya hansısa regiona gedəndə bütün günü oteldə qalmağı yox, eyni zamanda getdiyi regionda təcrübə yaşamağı seçir. Bu təcrübə həm oteldəki infrastrukturla, həm regionun, rayonun təbiəti və gözəlliyi ilə, həm də hansısa tarixi abidələrlə bağlı ola bilər.

Payız mövsümündə xüsusi turlar yaradıla bilər. Məsələn, iki gecəlik həftəsonu paketləri, ailəvi təbiət turları, qastronomik həftəsonu, trekking və haykinq paketləri, kənd həyatı təcrübəsi, xüsusilə də sağlamlıq turizmi. Çünki Naftalanda, Bakıda və Bakıətrafı ərazilərdə sağlamlıq turizmi ilə bağlı gözəl infrastrukturlarımız var. Bundan əlavə, korporativ tədbirlər, korporativ toplantılar və təbii ki, regionlarda keçirilən müxtəlif festivallar da payız turizminə marağı artıra bilər. Festivalların da müxtəlif növləri var ki, qastronomiya festivalı, hansısa meyvə və kənd təsərrüfatı festivalı, musiqi festivalı və digər növ festivallar təşkil etmək mümkündür".

Ekspert əlavə edib ki, payız fəslində səfərlər daha qısa olduğu üçün turist üçün 2-3 günlük, yaxud 1 günlük, 1 gecəlik turizm paketləri hazırlana bilər:

"Bu paketlərə, məsələn, transfer daxil ola bilər. Əgər turist öz nəqliyyatı ilə gedirsə, o halda mehmanxana, ekskursiya, yerli restoranlar və əlavə fəaliyyətlər də paket şəklində təklif oluna bilər. Turistlər artıq səfər etdikləri zaman, məsələn, qışda Qusar və Qəbələ kimi bölgələrə daha çox maraq göstərirlər. Çünki həmin bölgələrdə qış mövsümü üçün uyğun infrastruktur qurulub. Buna Qubanı və Şəkini də misal göstərmək olar. Eyni zamanda bunu payız fəslinə də şamil etmək olar. Lakin payızda bu istiqamətdə imkanlar bir qədər zəifdir. Çünki payızda insanlar daha çox meşəlik və təbiət ərazilərini nəzərdə tuturlar. Payızda ağacların yarpaqları tökülür, hava soyumağa doğru gedir və yaşıllıq nisbətən azalır. Bu dəyişikliyi seyr etmək də turistlər üçün xüsusi maraq doğura bilər. Amma turistlər arasında "payızda haraya getmək olar?" sualı ilə bağlı hələ oturuşmuş marşrut yoxdur. Məsələn, müxtəlif festivallar və tur paketləri hazırlamaq mümkündür. Yerli şirkətlər də bunu edirlər. Bu cür paketlər həm dövlət səviyyəsində, həm yerli səviyyədə, həm də turizm şirkətləri tərəfindən hazırlanaraq müştərilərə və turistlərə təklif oluna bilər. Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycan istiqamətində də böyük potensial var. Bu istiqamətdə dövlət tərəfindən müəyyən işlər görülür və vəsait ayrılaraq infrastruktur qurulur. Orada da təbiət, dağ, ekoturizm, mədəni və irs turizmi baxımından müxtəlif imkanlar var. Bu imkanlardan da istifadə etmək olar".