Azərbaycanın zəfər tarixi Kolumbiya televiziyasında

DİASPOR 13 noy 2021, 21:45
Kolumbiyanın nüfuzlu “NTN24” telekanalının “Xəbərlər” proqramında Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin birinci ildönümü ilə bağlı bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi efirə gedib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.

Müsahibədə bir il öncə Azərbaycanın 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq öz ərazi bütövlüyünü bərpa etməsi barədə məlumat verilib. Qeyd olunub ki, həmin ərazilər işğalçı dövlət tərəfindən kütləvi minalanmaya və irimiqyaslı dağıntılara məruz qalıb. Hazırda ölkəmiz azad olunan torpaqlarda sürətli yenidənqurma işləri aparır.

Məmməd Talıbov Ermənistanın 10 noyabr və 11 yanvar tarixli üçtərəfli sənədlərin bütün şərtlərini yerinə yetirmədiyini, Azərbaycanın bu ölkə ilə yekun sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdiyi halda, qarşı tərəfindən bu xüsusda müsbət addım atılmadığını qeyd edib. Diqqətə çatdırıb ki, bölgədə davamlı sülhün başlıca şərti Ermənistanın ərazi iddialarından əl çəkməsi və Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

Müharibə vaxtı mülki insanlar arasında itkilər və hərbi əsirlərlə bağlı suala cavab verən səfir bildirib ki, Azərbaycan dinc insanların təhlükəsizliyinə xüsusi diqqət yetirdiyi halda, Ermənistan hərbi əməliyyatlar zamanı müharibə cinayətlərinə əl ataraq münaqişə bölgəsindən uzaqda yerləşən şəhərlərimizi raket zərbələrinə məruz qoyub. Nəticədə 100-dən çox soydaşımız həlak olub və yaralanıb.

Müsahibədə, eyni zamanda, həbs edilmiş ermənilərin 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisinə keçərək terror aktları törətməyə cəhd etdikləri və bu səbəbdən hərbi əsir deyil, məhz terrorçu olduqları diqqətə çatdırılıb.
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top