BSU-da sabiq şöbə müdiri tələbələrin pullarını necə ələ keçirib? — Şahidlər danışır

HADİSƏ 11 okt 2021, 12:07
Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu günü Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Səriyyə Axundova ifadə verib.

O bildirib ki, onun 1200 manat təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: "Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bakalavr bitirdim. Magistr təhsili almaq üçün universitet axtarırdım. Bakı Slavyan Universitetində bir müəllimə tanış var idi, o məni Dürdanə Əliyeva il tan elədi. Dürdanə Əliyeva mənə dedi ki, qəbul var. Bildirdi ki, əgər 3 illik təhsil alsan, illik təhsil haqqı 2200, bir illik təhsil üçün isə təhsil haqqı 1200 manatdır. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlananda Dürdanə Əİiyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1000 manat verdim, bir müddətdən sonra 200 manatı da verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Liyeva öz imzası ilə mənə arayış verdi ki, həqiqətən məndən 1200 manat təhsil haqqı alıb. 

Pulu ödəyəndən sonra  tələbə yoldaşlarımdan maraqlandım, onlar təhsil haqqını müxtəlif rəqəmlər dedilər. Biri dedi 1000 manat ödmişəm, biri dedi 1100 manat, bəziləri 900 manat. Bu prosesdən şübhələnib Dürdanə Əliyevaya müraciət etdim. O isə dedi ki, həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər. 

Mənim 1 illik təhsil haqqım başa çatandan sonra diplomumu almaq üçün universitetə müraciət etdim. Universitetdən bildirdilər ki, təhsil haqqı ödənilməyib. Bu günə qədər də diplomumu ala bilmirəm".

Digər şahid Şəmsiyyə Hüseynova bildirib ki, universitetdə iki illik təhsil alsa da, ikinci ilinin təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: "Mən iki il universitetdə magistr pilləsində təhsil almışam. Hər il üçün 1500 manat təhsil haqqı ödəmişəm. Diplom almaq istəyəndə universitetdən dedilər ki,  sonuncu ilin təhsil haqqı xəzinəyə daxil olmayıb. Bu günə qədər də diplom ala bilmirəm. Ya diplomumu versinlər, ya da 1500 manatımı qaytarsınlar". 

Proses oktyabrın 18-də davam edəcək.

İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. 

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Slavyan Universiteti tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top