"Şəhər günlərinin təsis edilməsi hərbi, siyasi və mənəvi qüdrətimizin təntənəsidir"

SİYASƏT 18 sentyabr 2026, 13:45
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirdi.

Zəfərimizin rəmzi olan şəhər günlərinin təsis edilməsi tarixi və ideoloji əhəmiyyət kəsb edir. Bu, eyni zamanda, xalqımızın otuz illik yurd həsrətinə son qoyan, ədaləti bərpa edən və milli mənliyimizi ucaldan böyük Qələbəmizin rəhnidir. Hər bir şəhər günü rəşadətli Ordumuzun və qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yazılan qəhrəmanlıq dastanıdır. 2023-cü il sentyabrın 19- da Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra şəhər günü təsis olunduğu 20 sentyabra – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri də əlavə olundu. Bu tarixi günlər suverenliyimizin tam bərpasını bir daha dünyaya nümayiş etdirdi və Zəfər tariximizin növbəti möhürünü vurdu.  
 
Şəhər günlərinin təsis olunması təkcə keçmişi xatırlamaq deyil, həm də gələcəyə baxışdır. 2020- ci il noyabrın 10- a qədər xalqımız rayonlarımızın Ermənistan ordusu tərəfindən işğal olunduğu günü kədərlə anırdı. Artıq 3 -cü ildir ki, işğaldan azad edilmiş ərazilərimizdə şəhər günləri böyük təntənə ilə qeyd edilir. Özü də həmin rayonların sakinləri tərəfindən doğma el-obalarında Həmin günləri təntənə ilə qeyd edərkən dünya birliyi də şahid olur ki, Azərbaycan əzəli torpaqlarının əbədi sahibidir və həmin əraziləri yenidən dirçəldərək əvvəlkindən də yaxşı vəziyyətə gətirir. Bu şanlı tarixi xalqımıza bəxş edən şəhidlərimiz həyat durduqca yaşayacaq, sağlamlıqlarını itirmiş qazilərimiz isə bizim qürurmuzdur. İşğaldan azad olunmuş ərazilərdə şəhər günlərinin təsis edilməsi tarixi Qələbəmizin əbədiləşdirilməsi, həmin torpaqların əzəli sahiblərinə qayıtmasının və dirçəlişinin rəmzidir. Bu əlamətdar tarixlər həmin şəhərlərin azad olunduğu günləri ehtiva edir və xalqımızın qürur mənbəyinə çevrilib. Şəhər günlərinin qeyd olunması həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün canlı bir tarixdir. Gənclərimiz bu günləri bayram edərkən torpaqlarımızın işğaldan azad edilməsinin hansı qəhrəmanlıq hesabına qazanıldığını daha dərindən dərk edirlər.
 
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla “Qarabağ Azərbaycandır!” reallığını bir daha dünyaya bəyan etdi. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi, Qarabağ Universitetinin, Ağdərə rayonunun yaradılması, həmçinin 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirməsi Azərbaycanın suverenliyinin tam bərpasının bariz nümunəsidir. Bu gün həmin şəhərlərdə keçirilən beynəlxalq konfranslar, dövlət başçılarının görüşləri bayram tədbirləri, idman yarışları təkcə hərbi qələbəni deyil, həm də böyük quruculuq işlərini – "Böyük Qayıdış"ı tərənnüm edir. Hazırda Xankəndiyə, Xocalıya, Xocavəndə , Ağdərəyə soydaşlarımızın köçü davam edir. Yerlə yeksan olunmuş şəhərlərin, kəndlərin yerində müasir, "ağıllı" infrastrukturun qurulması, soydaşlarımızın böyük coşqu ilə öz doğma yurdlarına qayıtmaları şəhər günlərinə ikinci bir nəfəs verir. Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ümumilikdə, 3 min 191  ailə, o cümlədən 13 mindən çox sakin  məskunlaşıb.
 
İşğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis edilməsi ərazi bütövlüyümüzün, suverenliyimizin dünyaya mesajıdır. Azərbaycanın dövlətçilik tarixində yeni bir epoxanın rəmzi olan bu günlər gələcəyə inamla baxmağımızı təmin edən milli qürur zirvəmizdir.
 
Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top