Tovuz döyüşlərində artilleriya atəşinə tutulan yüksəklik: Polad Həşimovun şəhid olduğu məkan — REPORTAJ

GÜNDƏM 12 iyl 2021, 10:50

“Salam, siz kimsiniz, haradan gəlmisiniz?” - Tovuzda avtomobildən düşər-düşməz yolda dayanan gənc (mülki formada) donuq baxışları və sualedici nəzərləri ilə bizə müraciət edir. Jurnalist olduğumuzu və Tovuz döyüşlərinin ildönümü ilə bağlı yazı hazırlamaq məqsədilə gəldiyimizi bildiririk, bizə ikinci sualını ünvanlayır:

“Bəs siz, döyüşlərin necə başladığını bilirsinizmi, məlumatınız varmı?” - Məlumatlı olduğumuzu və həmin dövrdə özümüzün informasiya cəbhəsində yer aldığımızı bildiririk, bu dəfə haqlı olaraq biz sual səsləndiririk: “Bəs siz kimsiniz, bunları niyə soruşursunuz?”

Söhbət açıldıqdan və aramızda “buzların əriməsindən” sonra bu adamın yaxından ünsiyyətə can atma həvəsini hiss edirəm, əvvəlki şübhəqarışıq laqeyd münasibəti istiqanlı davranışla əvəzlənir.

Sən demə bu adam (öz xahişi ilə adını açıqlamırıq) Tovuz döyüşlərinin iştirakçısıdır və bizə döyüşlərin necə başlamasından, necə yaralanmasından, general-mayor Polad Həşimovun qəhrəmanlıqlarından danışır, artıq hərbçi deyil, ordudan tərxis olunub.
 



Söhbəti yarımçıq kəsməli oluruq, çünki o, sağollaşaraq ilk gələn avtobusa minərək getməli olduğu ünvana yollanır.

Tovuz müharibəsinin ildönümü ərəfəsində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə döyüşlərin getdiyi əraziyə -  yüksəkliyə yollanmaq üçün toplanırıq, zabitlər hərbçi mimikaları və soyuqqanlılığı ilə bizi təlimatlandırır, təhlükəsizlik qaydalarını izah edir.

Növbə ilə zirehli gödəkçələr paylanılır və bu hərbi zirehi geyinməyin zərurətini dərk edirik, axı biz düşmənlə üzbəüz mövqeyə gedirik.

Avtomobilin təkərləri asfaltın üzərində şütüdükcə xəyallarım məni bir il bundan əvvələ aparır və hadisələrin episentrində olan Ağdam kəndinin artilleriya atəşinə tutulması lent kimi sürətli bir şəkildə gözümün önündən keçir.

Bəli, ağır günlər idi, həmin yüksəklik böyük strateji əhəmiyyətə malik olduğundan Ermənistan bu ərazini ələ keçirmək üçün təxribatların bütün növünə hazır idi.

Amma elə ilk gündəcə Ermənistan Müdafiə Nazirliyi məntiqsiz açıqlamaları ilə əsl niyyətlərini ört-basdır edir, təxribatlarını müxtəlif adlar altında malalayır və informasiya müharibəsində savaddan kasadlığını nümayiş etdirirdi. İrəvandan gələn açıqlamalara görə, guya Azərbaycan Ordusu UAZ markalı avtomobillə günorta saatlarında dövlət sərhədində diversiya həyata keçirib və bunun qarşısı alınıb.

Həmin zaman səslənən bu absurd və gülünc fikir Ermənistanın təxribatının elə bələkdə boğulduğunun göstəricisi idi. Birincisi, gündüz vaxtı açıq müşahidə altında diversiya olmur, ikincisi diversiyanı UAZ-la həyata keçirmirlər, üçüncüsü ümumiyyətlə Azərbaycan Ordusu heç bir diversiya ehtimalını belə nəzərdən keçirmirdi.

Əslində isə diversiyanı edən Ermənistan idi və Azərbaycan hərbçilərinin ayıq-sayıqlığı, operativ və çevik tədbirlər düşməni geri oturdur.

İndi daşlı-kəsəkli yollarla şiddətli artilleriya döyüşlərinə şahidlik etmiş yüksəkliyə qalxdıqca bir il bundan əvvəlki proseslər və ya döyüşlərə dair informasiyalar beynimdə yenidən analiz edilir.

Sərt relyefdəki dolanbaclı yollarla yüksəklikdəki postlardan birinə çatırıq, düşmən mövqelərini, Berd rayonunun Çinari kəndini müşahidə edirik, hərbçilərimiz böyük qürur və mətanətlə burada Vətənin keşiyini çəkirlər.

Kiçik çavuşlar - Abbasov Elgün və Vüqar Məmmədovla söhbətlər edirik, onlar Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduqlarını və düşmənə hər an layiqli cavab verməyə hazır olduqlarını bəyan edirlər.

2020-ci ilin iyulunda – Tovuz döyüşlərinin pik həddə çatdığı vaxtlarda təhlükəsizlik səbəbi ilə yüksəkliyə çıxmaq imkanı bizə tanınmırdı, sadəcə kənardan müşahidə və internet resurslarındakı açıq mənbələrdəki məlumatları sintez edib yüksəkliyin böyük strateji üstünlüyü barədə yazılar hazırlayırdıq.

İndi öz gözlərimizlə mürəkkəb relyefdə, üç tərəfdən Ermənistanla sərhəddə yerləşən bu ərazinin hərbi cəhətdən mühüm unikal strateji üstünlüklər təqdim etdiyini görürük.

Bu yüksəklik həqiqətən də böyük bir ərazini, o cümlədən Tovuz-Şəmkir yolunu nəzarətdə saxlamaq üçün ən münbit coğrafiyadır, elə ermənilər də bunu dərk edərək Tovuza hücum əməliyyatlarını işə salmışdılar.

İkincisi, yüksəklikdə Azərbaycan hərbçilərinin olması erməniləri isterika və qorxuda saxlayırdı, amma unudurdular ki, Azərbaycan Ordusu işğalçı deyil, yalnız öz sərhədlərini qoruyur.

Burada elə post var ki, Ermənistanla cəmi 50 metr məsafədədir və düşmən ovcunun içindədir.



Bizi müşayiət edən yuxarı komandir heyətinin lakonik tərzdə verilən tapşırıqlarını yerinə yetiririk, növbəti dayanacaqda - şəhid mayor Namiq Əhmədovun xatirə lövhəsinin önündə toplaşıb söhbətləşirik.

“N” saylı hərbi hissənin zabiti, polkovnik-leytenant Aqil Cəfərova suallar ünvanlayırıq, qısa, konkret, aydın danışır.

Üzündə əsl hərbçi ifadəsi var, səs tonu zabit üçün xarakterikdir, düşmənin Tovuz istiqamətindəki təxribatlarından və hərbçilərimizin adekvat cavab zərbələrindən bəhs edir.

Hərbçilər, xüsusilə yüksək rütbəli hərbçilər çox danışmağı sevməzlər, elə cənab polkovnik-leytenant da hərbçilərə məxsus həmin xarakterə sahibdir.

İndi isə həyəcanlanırıq, bizə tapşırıq gəlir ki, general-mayor Polad Həşimov və onunla birlikdə dörd hərbi qulluqçunun – polkovnik İlqar Mirzəyevin, mayor Anar Novruzovun, mayor Namiq Əhmədovun, gizir Yaşar Babayevin şəhid olduğu posta yollanırıq.

Polad Həşimov həqiqətən də əsgərlərin yanında döyüşlərdə iştirak edib, ərazini gördükdən sonra generalımızın şəhid olması haqqında dolaşan bəzi təxribatyönlü fikirlərin yalnız şayiə olduğuna bir daha əmin oluram.

Azərbaycan generalı döyüş səngərində şəhid olub, buna şübhə etməyin özü belə qəhrəmanımıza hörmətsizlikdir.

Kiçik çavuş Emin Mövsümov deyir ki, düşmən Tovuz döyüşlərində Azərbaycan hərbçilərini hazırlıqsız yaxalamağı planlaşdırıb.



“Biz dərhal yuxarı komandanlığa məruzə etdik və əmrlər əsasında düşmənə layiqli cavablar verdik”, - deyən Emin Mövsümovun səsində kədərli notlar duyulur və Polad Həşimovun şəhid olması anına keçid edir.

“İyulun 14-də bu postda cənab general Polad Həşimov və onunla birlikdə dörd hərbi qulluqçu düşmənin 120 millimetrlik minaatanından açılan atəş nəticəsində şəhid oldu”.

“Ermənilər generalın şəhid olmasından sonra Azərbaycan hərbçilərinin qorxub mövqeləri tərk edəcəyini düşünürdü, amma əsgərlərimiz, zabitlərimiz bunun əksinə olaraq düşməndən şəhidlərin qisasını alır”, - Emin Mövsümov belə deyir.

Ermənilərin arzuları qursağında qalır, acı məğlubiyyətdən sonra düşmən yüksəkliyi ələ keçirib irəliləməyi nəinki təxirə salır, hətta öz hayına qalıb öz mövqelərini tərk etməyi düşünür.

Tovuz döyüşlərində Ermənistan silahlı bölmələri Azərbaycan ərazisinin bir qarışına belə keçə bilməyib və Azərbaycan heç bir ərazi itkisi ilə üzləşməyib.

Azərbaycan cəmiyyətinin döyüş ruhunu pik həddə çatdıran və Vətən müharibəsinin başlanması üçün ideyaları qidalandıran Tovuz döyüşləri hərb tariximizin şanlı səhifəsini təşkil edir.

Düşmənin mülki infrastrukturu, mülki əhalini hədəfə almasına baxmayaraq, Tovuz əhalisi sinə gərərək ordumuza dəstək nümayiş etdirmişdi.

İyulun 12-dən 17-nə qədər davam edən döyüşlərdə Ermənistanın müdafiənin ön xəttində yerləşən atəş nöqtələri, müdafiəsinin dərinliyində yerləşən ehtiyatlar, dayaq məntəqələri, artilleriya qurğuları, döyüş texnikaları, yüzədək canlı qüvvəsi məhv edilib.

Döyüşlərdə düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.

Ruhunuz qarşısında baş əyirik, rahat uyuyun, qisasınız alınıb, qanınız yerdə qalmayıb!



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top