Deputatdan taksilərlə bağlı AÇIQLAMA: "Sayı azaltmaqla keyfiyyət əldə etmək yanaşması qəbul edilən deyil"

GÜNDƏM 16 oktyabr 2025, 16:04
"Bəzi mütəxəssislər 25 min təksi sayının Bakı şəhəri üçün az olacağını deyirlər, lakin bəziləri bu sayın kifayət edəcəyini bildirir. Digər mütəxəssislər isə hesab edirlər ki, əgər Bakı şəhərində təxminən 30-35 min təksi fəaliyyət göstərsə, bu zaman say baxımından kifayətlilik təmin oluna bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 

"Yəni bu məsələdə fikirlər müxtəlifdir və haçalanır. Amma mən bir məqamla qətiyyən razı deyiləm. Taksilərin sayını azaltmaqla xidmət keyfiyyətini artırmaq fikri, məncə, absurddur. Keyfiyyətin artırılması üçün daha effektiv tədbirlər görülməsi daha məqsədəuyğundur".

O bildirib ki, sayı azaltmaqla keyfiyyət əldə etmək yanaşması qəbul edilən deyil:

"Taksilərin xidmət səviyyəsini artırmaq üçün bu sahə ilə məşğul olan şəxslərin maarifləndirilməsi, taksilərin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsi və digər bir sıra tədbirlərin həyata keçirilməsi mümkündür. Xarici təcrübədən də faydalanmaqla bu istiqamətdə irəliləyiş əldə etmək olar.Lakin taksilərin sayının azaldılması əksinə, şəhər sakinləri və taksidən istifadə edən şəxslər üçün narahatlıq yarada bilər. Buna görə də bu məsələdə ciddi araşdırmalar aparılmalı, mütəxəssislərin rəyləri tam şəkildə nəzərə alındıqdan sonra qərar qəbul edilməlidir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top