Magistatura pilləsi 1 ilə yalnız bu hallarda endirilə bilər — AÇIQLAMA

GÜNDƏM 16 oktyabr 2025, 14:56
"Dünyanın bir çox ölkələrində magistratura təhsilinin bir il davam etdiyi müşahidə olunur. Bununla yanaşı, elə ölkələr də var ki, orada magistratura təhsili üç il müddətində həyata keçirilir. Əgər müxtəlif ixtisaslaşmalarda təhsil müddətlərinə baxsaq, yəni bir il, bir il yarım, iki il və ya üç il olan proqramları nəzərdən keçirsək, görərik ki, bu yanaşmalar ölkədən-ölkəyə və ixtisasdan-ixtisasa fərqlənir"

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

"Məsələn, dünyanın inkişaf etmiş qərb ölkələrində və ABŞ-da magistratura təhsili adətən bir il davam edir. Bu, xüsusilə mühasibatlıq və maliyyə kimi ixtisaslarda daha çox rast gəlinir. Lakin digər ixtisaslarda təhsil müddəti fərqli ola bilər".

O bildirib ki, bəzi ölkələrdə bir illik proqramlar tam magistr diplomu deyil, daha çox sertifikat proqramı kimi qiymətləndirilir:

"Yəni, eyni ixtisaslaşma həm bir illik, həm də iki illik formatda təklif oluna bilər. Bir illik proqram bitirənlər adətən “magistr sertifikatı”, iki illik proqramı tamamlayanlar isə “magistr diplomu” əldə edirlər.

Bu fərqliliklər ixtisasın məzmunundan və həmin ölkənin təhsil standartlarından asılıdır. Əsas diqqət edilməli məqam odur ki, bəzi ölkələrdə bakalavr pilləsində tədris proqramları daha geniş və dərin olduğu üçün tələbələr magistraturaya artıq müəyyən bilik və bacarıqlarla hazır gəlirlər. Buna görə də onlar üçün bir illik magistratura təhsili kifayət sayılır.

Digər tərəfdən, bir illik magistratura proqramları dünyada daha çox onlayn və ya distant təhsil formasında təklif edilir".

Ekspert deyib ki, Azərbaycanda isə hazırda magistratura təhsili əsasən bir il yarım (1.5 il) və ya iki il olmaqla həyata keçirilir:

"Son illərdə qəbul edilən yeni təhsil standartlarına əsasən, bəzi ixtisaslarda təhsil müddəti 1.5 ildir, digərlərində isə 120 kreditlə iki il davam edir.

Burada fərq ondan ibarətdir ki, 90 kredit toplayan tələbələr bir il yarıma məzun olur, 120 kredit toplayanlar isə iki illik təhsil alır və bu, onlara növbəti mərhələ olan doktorantura pilləsinə keçmək imkanı yaradır.

Bütün bu dəyişikliklər Təhsil Agentliyi tərəfindən təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər çərçivəsində həyata keçirilir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top