“Paşinyanın yallı getdiyi yerdə biz tədbir keçirirdik” — Elçin Şıxlı Şuşa təəssüratlarını DANIŞDI

QARABAĞ 15 may 2021, 12:24
“Şuşa doğrudan da Azərbaycanın incisidir. O qədər gözəl bir yerdir ki, ermənilərin niyə ordan yapışdıqlarını anlamaq çətin deyil. Azərbaycan üçün fəxrdir ki, torpaqlarımızı geri qaytardıq və hər kəsin diqqətini çəkən belə musiqi festivalı təşkil etdik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Şuşaya səfəri və “Xarıbülbül” musiqi festivalında iştirakı ilə bağlı təəssüratlarını danışarkən deyib:

“Mən Şuşada sonuncu dəfə 1984-cü ildə olmuşdum. O zaman Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində işləyirdim. Ceynun Hacıbəylinin oğlu Timuçin Hacıbəyli Bakıya dəvətli idi, mən də onu müşayiət edirdim. Bu səfərdən sonra Şuşada olmadım və ilk dəfə indi bu səfər reallaşdı. 

Şuşaya getmək üçün hələ ki, sülhməramlıların müşayiətindən keçməliyik. Şuşa çox gözəldir, Qarabağ çox gözəl yerdir. İnsana ən çox qürur hiss etdirən isə 29 illik işğaldan sonra Şuşada yığışıb bayram etməyimizdir. Paşinyanın yallı getdiyi yerdə biz tədbir keçirirdik. Festivalda Azərbaycanın ziyalı nöqteyi-nəzərdən “qaymaqları”nın böyük bir hissəsi orda idi.
 
Çox böyük qürur hissi idi. Bu hissləri sözlə ifadə etmək çətindir. Gərək Şuşaya gedib, Cıdır düzünə qalxasınız və yuxarıdan baxıb hər şeyi seyr edib, havasını udasınız. Bu hissləri ancaq onda başa düşmək olar. Biz qalibik və özümüzü orda əsl qalib kimi hiss etdik”.

Jurnalist Xankəndidə yaşayan ermənilərin də bu möhtəşəm anlara şahidlik etdiyini və böyük təşviş keçirdiklərini bildirib:

“Xankəndidə ermənilərin yaşadığı ərazilər ayağımızın altında idi, nə baş verdiyini anlayırdılar. Festivalın ilk gününün axşamı böyük atəşfəşanlıq oldu. Ermənilər doğrudan da bu atəşfəşanlıqdan çox narahat oldular. Sonradan xəbərimiz oldu ki, onlar böyük təşvişlə Xankəndidən o atəşfəşanlığı çəkirlərmiş. Onların belə narahatlıq keçirməsi təbiidir. Şuşaya gedərkən onların olduğu yerlərdən keçməli idik. Onların yaşadığı ərazidən – elə ermənilərin arasından 50-60 avtobus keçdi və onların simasındakı ifadəni yaxşı gördük. İmkanları olsaydı, bizi didmək istəyirdilər”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top