Anar Quliyev: Qarabağ və Şərqi Zəngəzurda 8 şəhərin baş planı tamamlanıb

QARABAĞ 01 oktyabr 2025, 15:55
Bakı İqlim Fəaliyyəti Həftəsi şəhərlərə və qlobal mühitə iqlim dəyişikliyinin təsirlərini, çağırışlarını müzakirə etmək üçün mühüm bir platforma rolunu oynayır. Hamımız yaxşı bilirik ki, şəhərlər mobillik, ticarət və innovasiyanın mühərrikləridir və dünya üzrə istilik axınının 80 faizini yaradır. Lakin eyni zamanda şəhərlər qlobal emissiyaların təxminən 70 faizinə və enerji istehlakının üçdə ikisindən çoxuna görə məsuliyyət daşıyır.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Dünya İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud iqlim böhranı ilə mübarizədə şəhərlər əsas rol oynayır.

“Bu isə o deməkdir ki, şəhərlərimizi necə planlaşdırdığımız, dizayn etdiyimiz və inşa etdiyimiz heç vaxt indiki qədər vacib olmayıb. Bu gün iqlimədavamlılıq istiqamətində bir araya gələrək etiraf edirik ki, dayanıqlı, sağlam və iqlimədavamlı şəhərlər qurmaq təcrid olunmuş şəkildə mümkün deyil. Şəhərlərin gələcəyi kənd təsərrüfatının davamlılığı, resursların qorunması, nəqliyyat sistemlərinin səmərəliliyi və “ağıllı şəhər” texnologiyalarının transformativ gücü ilə sıx bağlıdır. Şəhərsalma bütün bu sahələrin kəsişməsində dayanaraq, şəhərlərin davamlı ekosistemlər kimi inkişafı üçün çərçivə təqdim edir. Bu çərçivənin təməl daşı isə baş planlaşdırmadır”, - deyə Anar Quliyev əlavə edib.

Anar Quliyev vurğulayıb ki, şəhərlərin davamlı inkişafı kənd təsərrüfatının möhkəmliyindən, resursların səmərəli istifadəsindən, nəqliyyat sistemlərinin effektivliyindən və “ağıllı şəhər” texnologiyalarının transformativ gücündən asılıdır: “Bu məqsədlə Azərbaycanda 2018-ci ildən etibarən şəhərlərin kompleks baş plan əsasında inkişafına başlanılıb. Hazırda 79 şəhər və qəsəbədən 65-i üzrə baş planlar artıq təsdiqlənib, 10-da isə təsdiqlənmə mərhələsindədir. “Bakı Baş Planı – 2040” layihəsi bu yanaşmanın əsas nümunəsidir və polisentrlik, effektiv zonalaşma, mədəni və memarlıq irsinin qorunması, ekoloji prinsiplərə əsaslanan torpaq istifadəsini əhatə edir. Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa işləri həyata keçirir. Bu ərazilər sıfır emissiyalı zonalar kimi müəyyən olunub. Şəhərsalma prosesində dayanıqlılıq prinsipləri əsas götürülür ki, burada yaradılan mühit sağlam və davamlı olsun. Artıq həmin bölgələrdə 12 şəhərin baş planı hazırlanır, onlardan 8-i tamamlanıb. Həmçinin 19 kənd və qəsəbə planlaşdırılıb. Böyük potensiala malik bərpaolunan enerji resursları əsasında bölgə “Yaşıl Enerji Zonası” elan olunub”.

Son dörd ildə istifadəyə verilmiş 38 su elektrik stansiyası nəticəsində 620 min ton karbon emissiyasının azaldıldığını deyən komitə sədri Günəş və digər yaşıl enerji layihələrinin hazırda da həyata keçirildiyini əlavə edib: “Bu proses sadəcə bərpa deyil, bütöv bir regionun müasir şəhərsalma və ekoloji prinsiplərlə yenidən qurulmasıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top