Azərbaycan Premyer Liqasında çempionluq son tura qaldı

İDMAN 14 may 2021, 22:35
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

Turun son üç matçı eyni saatda start götürüb. 

Lider “Qarabağ” “Azərsun Arena”da “Keşlə”ni iki cavabsız qolla məğlub edib. Mahir Emreli 47-ci dəqiqədə hesabı açıb. Hadisələri qabaqlayaraq qeyd edək ki, Emreli 80-ci dəqiqədə penaltini boşa verib. Bununla belə, 74-cü dəqiqədə Kvabena Ovusunun vurduğu qolla oyunun nəticəsi həll olunmuşdu.

İkinci pillədə qərarlaşan “Neftçi” isə Sumqayıtda eyniadlı komandaya minimal hesabla qalib gəlib. Yeganə qolu ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Voyislav Stankoviç imza atıb.

Günün digər oyununda “Zirə” evdə “Səbail” üzərində 2:0 hesablı qələbə qazanıb. 58-ci dəqiqədə Ağabala Ramazanov komandasını önə çıxarıb. 6 dəqiqə sonra isə Nemanya Ancelkoviç 2-ci topu rəqibin qapısından keçirib.

Bu nəticələrdən sonra “Qarabağ” (57 xal) və “Neftçi” (56 xal) mövqelərində qalıb. “Zirə” 38 xalla 3-cü pilləyə yüksəlib. Beləliklə, çempion, vitse-çempion və bürünc medalçı son turda məlum olacaq.

Sonuncu turda “Neftçi” – “Qarabağ”, “Sabah” – “Zirə”, “Səbail” – “Sumqayıt” və “Keşlə” – “Qəbələ” matçları keçiriləcək. Bütün oyunlar mayın 19-da baş tutacaq.

Qeyd edək ki, günün ilk oyununda “Qəbələ” evdə “Sabah”la məhsuldar heç-heçə edib - 2:2.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top