Siqaret, qəlyan çəkən qadınların sayı artıb deyə, xəstəliklər də artıb — Onkoloq

SAĞLAMLIQ 21 sentyabr 2026, 13:00
Azərbaycanda bədxassəli şişlərlə bağlı açıqlanan son statistika qadınlar və kişilər arasında göstəricilərdə fərq olduğunu ortaya qoyur. 2025-ci il ərzində ölkədə 15 mindən çox şəxsdə bədxassəli şiş aşkarlanıb. Statistikaya əsasən, xəstəliyin qeydə alındığı qadınların sayı kişilərdən daha çox olub.

Demokrat.az-a bu barədə danışan dosent, tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, statistika göstərir ki, bədxassəli törəmələrin sayı artmaqda davam edir:

“Burada hər zaman qeyd etdiyimiz əsas amillərdən biri qidalanmadır. Həmçinin artıq çəkinin olması da önəmli faktorlardan biridir. Azərbaycanda aparılmış bir sıra statistikalar göstərir ki, əhalinin təxminən 10 faizi artıq çəkidən əziyyət çəkir. Biz bilirik ki, onkoloji xəstəliklərin yaranmasında əsas səbəblərdən biri də artıq çəkidir. Qadınlar arasında xəstəliklərin artmasına təsir edən digər amillərdən biri son zamanlar tütün və digər zərərli məhsullardan istifadənin artmasıdır. Əvvəllər elektron siqaretlərdən daha çox kişilər istifadə edirdisə, artıq qadınlar arasında da həm tütün məhsullarına, həm də elektron siqaretlərə meyl artıb. Eyni zamanda, Azərbaycanda qadınların qəlyandan istifadəsinin də geniş yayıldığını görürük. Digər bir amil isə abortların çoxalmasıdır. Bir həftə əvvəl Azərbaycanda aparılmış statistikaya əsasən, 100 doğuşa 99 abort düşür. Yəni doğuş və abort sayı demək olar ki, eyni səviyyədədir. Biz bilirik ki, onkoloji xəstəliklərin yaranma səbəblərindən biri də travmaların olmasıdır. Xüsusilə qadınlar arasında geniş yayılan uşaqlıq və uşaqlıq boynu xərçənginin yaranmasında travmaların da rolu var. Başqa bir faktor qadınların ailə qurma yaşının artmasıdır. Əvvəllər qadınlar daha gənc yaşlarda ailə həyatı qururdularsa, hazırda 35-40 yaşdan sonra ailə qurmağa meyllənənlərin sayı artıb. Bu zaman hormonal dəyişikliklər və hormonal pozğunluqlar meydana gələ bilər. Hormonal dəyişikliklər də onkoloji xəstəliklərin yaranma səbəblərindən biri hesab olunur. Ona görə də biz hər zaman qadınlara vaxtında ailə qurmağı məsləhət görürük”.

Onkoloq əlavə edib ki, digər mühüm amil isə qadınların ana olduqdan sonra uşaqlarını ana südü ilə qidalandırmamasıdır:

“Təəssüf ki, son zamanlar süd vəzi xərçəngi və digər onkoloji xəstəliklərin yaranmasında bunun da rol oynadığı bildirilir. Biz bilirik ki, ana südü ilə qidalandırmanın həm uşağın, həm də ananın sağlamlığı üçün faydaları var. Ona görə də uşaq doğulduqdan sonra imkan daxilində onun ana südü ilə qidalandırılması məsləhətdir. Qadınlar arasında xərçəngin yaranmasına təsir edən digər səbəblərdən biri də uşaq sayının azalmasıdır. Əvvəllər ailələrdə 3, 4, 5 və daha çox uşaq olurdu. İndi isə bəzi qadınlar bir uşaqdan sonra yenidən ana olmaq istəmirlər. Burada da qadınların öz sağlamlıqları baxımından müəyyən məqamları nəzərə almaları vacibdir. Digər səbəb, təbii ki, genetik faktordur. Əgər ailədə süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və digər onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər varsa, gələcək nəsildə də bu xəstəliklərin yaranma ehtimalı arta bilər. Çünki onkoloji xəstəliklərin yaranmasında genetik faktorların da rolu var. Ona görə də hər zaman deyirik ki, qadınlar vaxtında həkimə müraciət etməli və müayinələrdən keçməlidirlər. Erkən diaqnoz çox vacibdir. Bir şeyi də qeyd edim ki, bizim insanlar xərçəng xəstəliyindən deyil, erkən müayinəyə getməkdən qorxurlar. Tövsiyə edərdik ki, vaxtında həkimə müraciət etsinlər ki, xəstəliklər erkən mərhələdə aşkarlansın və qarşısının alınması mümkün olsun”.

Fidan Hacızadə

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top