Valideynlərin əsas səhvi: Yetkin övladlar niyə danışmaqdan qaçır?

SAĞLAMLIQ 19 sentyabr 2026, 09:07
Valideynlərlə yetkin övladlar arasındakı münasibətlər zaman keçdikcə dəyişə bilər. Bəzi hallarda övlad valideynlərinə daha çox dəstək göstərir, bəzən isə aralarında ciddi məsafə yaranır. Psixoloqlar hesab edir ki, bu münasibətlərdə ünsiyyətin çətinləşməsinin əsas səbəblərindən biri valideynlərin uşaqlıq dövründə formalaşmış davranışlarını dəyişməməsidir.

Demokrat.az
xəbər verir ki, bu barədə “Bolde” nəşrində dərc olunan materialda qeyd olunub.

Mütəxəssislərin fikrincə, valideynlər uzun illər ərzində övladlarının həyatında qərarverici və istiqamətverici rol oynayırlar. Onlar uşağın hara getdiyini soruşur, dərslərini yoxlayır, həkimə müraciət etməsini xatırladır və müxtəlif məsələlərdə məsləhət verirlər. Lakin övlad böyüdükdən sonra bu davranışların davam etdirilməsi münasibətlərdə gərginlik yarada bilər.

Belə vəziyyətdə valideyn öz hərəkətini qayğı və yardım kimi qəbul etsə də, yetkin övlad bunu nəzarət və müdaxilə kimi anlaya bilər. Arizona Universitetinin tədqiqatçısı Kris Segrin də valideyn müdaxiləsinin övladın istədiyindən daha uzun müddət davam etməsinin onun müstəqillik hissinə mənfi təsir göstərə biləcəyini müəyyən edib.

Psixoloq Ceffri Bernşteyn isə valideynlərin məsləhət verməsinin arxasında çox vaxt övladlarını problemlərdən və ağrılardan qorumaq istəyinin dayandığını bildirir. Valideynlər övladının qarşılaşdığı problemi gördükdə dərhal həll yolu təklif etməyə və onu mümkün səhvdən çəkindirməyə çalışırlar.

Lakin yetkin insan üçün sevginin bu formada göstərilməsi hər zaman rahat olmur. Mütəxəssislər hesab edir ki, övlad böyüdükdən sonra valideyn-uşaq münasibəti tədricən iki yetkin insan arasındakı ünsiyyətə çevrilməlidir.

Bu mərhələdə daha az “hesabat tələb edən” suallar vermək, övladın həyatına səmimi maraq göstərmək və hər danışıqda problemi həll etməyə çalışmamaq tövsiyə olunur. Valideynin sadəcə dinləməyə hazır olması belə münasibətlərin daha sağlam qurulmasına kömək edə bilər.

Psixoloqların fikrincə, əsas dəyişiklik valideynin “səni qorumaq və düzəltmək mənim vəzifəmdir” yanaşmasından “səni dinləmək və yanında olmaq istəyirəm” mövqeyinə keçməsidir. Bu isə yetkin övladla daha rahat və açıq ünsiyyət qurmağa imkan verə bilər.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

18 sentyabr 2026, 22:59
Top