YapiKredi Müraciət Forması
Kriminal Özəl

Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi

Bakıda qadın ərini dişlədi, kişi də onu polisə verdi

Abşeron rayonunda 34 yaşlı qadın ərinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Aysu birgə yaşadıqları evdə əri Musa (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq materiallarına görə, Aysu bir gün əvvəl ərinin telefonda ucadan danışmasına görə aralarında yaranmış mübahisənin davamı olaraq, ailə münasibətləri zəminində baş verən növbəti mübahisə zamanı Musanın sağ və sol bazu nahiyələrini dişləyib, sol əlinə və döş qəfəsinə xəsarətlər yetirib.

Aysu barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Aysu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, zərərçəkmiş Musa onun əridir. Onlar 2020-ci ildə rəsmi nikaha daxil olublar və həmin nikahdan 2020-ci il təvəllüdlü Ayla adlı qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra Musa ilə aralarında mübahisələr yaranmağa başlayıb. Hətta bir dəfə rəsmi qaydada boşanmaq üçün məhkəməyə də müraciət edib:

"Lakin sonradan fikrimdən daşındım. Hazırda isə boşanma məsələsinə Xəzər Rayon Məhkəməsində baxılır. Hadisə günü axşam saatlarında evdə olarkən ərim Musa telefonda yüksək səslə danışırdı. Mən də ona öz iradımı bildirdim. Buna görə aramızda mübahisə yarandı".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat 11:00 radələrində paltarını dəyişmək üçün Musadan otaqdan çıxmasını tələb edib:

"Lakin Musa otaqdan çıxmadı. Buna görə də aramızda mübahisə başladı. Həmin vaxt Musa təpiklə arxa nahiyəmə zərbə endirdi. Mən kənara çəkildim. O isə əl çəkməyərək mənə yaxınlaşdı, üzərimə tüpürdü, məni söydü, itələyərək sıxışdırdı. Musa məni sıxıb buraxmadığı üçün onun qolunu dişlədim. Bundan sonra Musa kənara çəkildi".

Təqsirləndirilən şəxs bildirib ki, Musa ilə aralarında mütəmadi olaraq mübahisələr baş verib. Onun sözlərinə görə, mübahisə zamanı azyaşlı qızları da evdə olub və dava təxminən 2-3 dəqiqə davam edib.

Aysu qeyd edib ki, mübahisə zamanı yaranan səs-küyü eşidən komendant, Təranə adlı qadın onların evinə gəlib və Musaya iradını bildirib. Onun sözlərinə görə, mübahisə zamanı Musanı söyüb, qolunu dişləyib, lakin ona zərbə vurmayıb.

İş üzrə zərərçəkmiş Musa ifadəsində bildirib ki, Aysu ilə 2020-ci ildə rəsmi nikaha daxil olub və həmin nikahdan bir qızları dünyaya gəlib. Onun sözlərinə görə, ailə qurduqdan təxminən iki ay sonra aralarında mübahisələr başlayıb. Hətta bir dəfə Aysu boşanmaq üçün məhkəməyə müraciət edib, lakin sonradan fikrindən daşınaraq ərizəsini geri götürüb.

Musa qeyd edib ki, hadisədən əvvəl, axşam saatlarında yaşadıqları ünvanda telefonda yüksək səslə danışarkən həyat yoldaşı Aysu təhqiramiz ifadələr işlədərək ona iradını bildirib. Buna görə aralarında sözlü mübahisə yaranıb:

"Ertəsi gün, təxminən saat 11:00 radələrində evdə olduğumuz zaman həyat yoldaşımla aramızda yenidən mübahisə başlandı. Aysu heç bir səbəb olmadan məni nalayiq söyüşlərlə təhqir etdi. Mən də baş verənləri mobil telefonla çəkirdim. Bu, onun xoşuna gəlmədi. O, əlimdəki içi dolu çay stəkanına vuraraq onu yerə salıb sındırdı. Buna görə aramızda mübahisə yarandı. Əsəbiləşərək təpiklə Aysunun arxa nahiyəsinə vurdum. O, kənara çəkildi. Mən onun arxasınca gedərək onu itələdim. Bundan sonra Aysu üstümə gələrək mənimlə mübahisə etdi və hər iki qolumu dişlədi. Mən də onu özümdən uzaqlaşdırmaq üçün müqavimət göstərdim, sinəsindən itələdim. Çünki Aysu yenidən məni dişləməyə cəhd edirdi. Bundan sonra o, məndən aralandı".

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunaraq Aysu cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor