YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Qışda evi hansı daha yaxşı qızdırır: Konvektor, yoxsa yağ radiatoru?

Qışda evi hansı daha yaxşı qızdırır: Konvektor, yoxsa yağ radiatoru?

Havaların soyuması ilə evlərin qızdırılması üçün elektrik cihazlarına maraq artır. Bu zaman ən çox müzakirə olunan seçimlərdən ikisi konvektor və yağ radiatorudur. Hər iki cihaz otağı effektiv şəkildə isidə bilsə də, onların işləmə prinsipi, istiliyi yayma sürəti və istifadə rahatlığı fərqlənir. Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə bu cihazlardan hansının daha az elektrik enerjisi sərf etməsidir.

Demokrat.az xəbər verir ki, bu barədə "Sterleqrad" nəşri yazıb.

Yağ radiatoru: gec isinir, amma istiliyi daha uzun saxlayır

Yağ radiatorunun daxilində elektrik elementi vasitəsilə qızdırılan xüsusi maye olur. Bu maye cihazın metal korpusunu qızdırır, istilik isə otağa yayılır.

Belə radiatorların əsas xüsusiyyəti istilik ətalətidir. Yəni cihazın tam isinməsi müəyyən vaxt tələb edir, lakin söndürüldükdən sonra da korpusu bir müddət isti qalır. Bu xüsusiyyət otağın temperaturunu tədricən yüksəltmək istəyənlər üçün əlverişlidir.

Yağ radiatorlarının digər üstünlüyü səssiz işləməsidir. Ventilyatorsuz modellərdə hərəkətli hissələr olmadığından əlavə səs yaranmır. Bununla belə, bu cihazlar adətən daha ağır və iri olur. İşləyərkən korpusun səthi xeyli qızdığı üçün evdə azyaşlı uşaqlar və ya heyvanlar varsa, təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməlidir.

Konvektor otağı daha tez isidir

Konvektorlar fərqli prinsiplə işləyir. Soyuq hava cihazın aşağı hissəsindən daxil olur, qızdırıcı elementin təsiri ilə isinərək yuxarı qalxır. Beləliklə, otaqda təbii hava dövranı yaranır və temperatur daha sürətlə yüksəlir.

Bu cihazlar yağ radiatorlarından çox vaxt daha yüngül olur. Bir çox model həm döşəmədə, həm də divara quraşdırılaraq istifadə edilə bilər. Elektron termostat, taymer və proqramlaşdırılan rejimlər isə otaqda müəyyən temperaturu avtomatik saxlamağa imkan verir.

Buna görə konvektor yataq otağı, iş otağı və ya bağ evində vaxtaşırı qızdırılması tələb olunan məkanlar üçün daha praktik seçim sayıla bilər.

Hansı daha az elektrik enerjisi sərf edir?

Əsas məqam ondan ibarətdir ki, konvektorun və ya yağ radiatorunun işləmə prinsipi öz-özlüyündə onlardan birinin dəfələrlə az elektrik sərf etməsi demək deyil. Hər iki cihaz elektrik enerjisini demək olar ki, tamamilə istiliyə çevirən rezistiv qızdırıcılardır.

Məsələn, 2 kilovat gücündə cihaz fasiləsiz bir saat işlədikdə təxminən 2 kilovat-saat elektrik enerjisi sərf edir. Termostat qızdırıcını müəyyən müddətə söndürərsə, faktiki sərfiyyat azalır.

Deməli, qənaətə cihazın növündən daha çox onun gücü, termostatının dəqiqliyi, otağın sahəsi, istilik izolyasiyası, çöldəki hava temperaturu və istifadə müddəti təsir göstərir.

Seçim zamanı nələrə diqqət edilməlidir?

Otağı qısa müddətdə isitmək və daha az yer tutan cihaz əldə etmək istəyənlər üçün konvektor daha münasibdir. Səssiz işləmə, istiliyi tədricən yayma və söndürüldükdən sonra da isti qalma xüsusiyyətləri vacibdirsə, yağ radiatoruna üstünlük verilə bilər.

Alarkən yalnız qiymətə və elektrik sərfiyyatı ilə bağlı reklamlara əsaslanmaq düzgün deyil. Otağın sahəsinə uyğun güc, keyfiyyətli termostat, həddindən artıq qızmaya və aşmaya qarşı qoruma sistemi də nəzərə alınmalıdır.

Beləliklə, bu iki cihaz arasında seçim istifadəçinin ehtiyaclarından asılıdır. Hər ikisində düzgün güc seçimi və temperaturun optimal tənzimlənməsi elektrik enerjisinə qənaət baxımından həlledici rol oynayır.