YapiKredi Müraciət Forması
Özəl Dünya

Bu ölkədə hava limanında zəhərli ilan həyəcanı: Terminalın hər yerindən çıxırlar

Bu ölkədə hava limanında zəhərli ilan həyəcanı: Terminalın hər yerindən çıxırlar

Avstraliyanın Alice Springs hava limanında son həftələrdə zəhərli ilanların görünməsi ciddi narahatlığa səbəb olub. Sərnişinlərin uçuşlarını gözlədiyi terminalın müxtəlif hissələrində onlarla ilan aşkarlanıb. Onlardan bəziləri sərnişinlərin yaxınlığında, hətta hava limanı əməkdaşlarının ofislərində qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yerli ilan tutucusu Reks Nayndorf bildirib ki, son həftələr ərzində hava limanına dəfələrlə çağırılıb və binanın müxtəlif sahələrindən həm az zəhərli, həm də yüksək təhlükə yaradan ilanlar çıxarıb. Alice Springs Sürünənlər Mərkəzinin rəhbərlərindən biri olan mütəxəssis vəziyyəti "Nə axtarsan, var, hər yerdən çıxırlar" sözləri ilə təsvir edib.

Terminalda təhlükəli ilan növü aşkarlanıb

Tutulan ilanlar arasında bölgənin ən geniş yayılmış zəhərli növlərindən sayılan qərb qonur ilanları da var. Nayndorf yaxın vaxtlarda terminalın daxilində iki belə ilan aşkar etdiyini bildirib. Onlardan biri sərnişinlərin sıx olduğu əsas hissədə, digəri isə hava limanı əməkdaşlarının çalışdığı ofisdə tapılıb.

Mütəxəssis mümkün təhlükəli qarşılaşmalar zamanı necə davranmalı olduqları barədə hava limanı işçilərinə təlim keçdiyini və personalın bu məsələdə hazırlıqlı olduğunu qeyd edib.

Güclü yağışlar ilanların hərəkətini artırıb

Hava limanında ilanların çoxalmasının əsas səbəbləri arasında mövsümi dəyişikliklər və bölgədə baş verən güclü daşqınlar göstərilir. Hava limanını idarə edən Airport Development Group şirkətinin nümayəndəsi bildirib ki, ilin bu dövründə ilanlar sərin yerlərə üz tutduqları üçün daha fəal olurlar.

Alice Springs ərazisində yağan intensiv yağışlar və daşqınlar da onların təbii yaşayış mühitinə təsir göstərib. Nəticədə ilanların hava limanı kimi qapalı və sərin məkanlara sığınmağa başladığı bildirilir.

Hava limanı rəhbərliyi riskli ərazilərin nəzarətdə saxlanıldığını, sərnişinlərin xəbərdarlıq lövhələri vasitəsilə məlumatlandırıldığını açıqlayıb. İlanların tutulması üçün mütəxəssislə mütəmadi əməkdaşlıq da davam etdirilir.

Nayndorfun sözlərinə görə, indiyədək ilanlarla bağlı sərnişinlərin xəsarət alması barədə məlumat yoxdur. Bununla belə, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.