Onlayn ticarətlə məşğul olan sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi təklif olunur. Layihəyə əsasən, xarici platformalardan sifariş edilərək "Smart Customs" sistemi vasitəsilə Azərbaycana gətirilən malların alış xərclərinə tətbiq olunan 2 faizlik məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulur.
İqtisadçı Razi Abasbəyli Demokrat.az-a açıqlamasında bildirib ki, dəyişiklik qəbul edilərsə, bu, müəyyən mənada kiçik və orta sahibkarların maraqlarına uyğun olacaq.

Onun sözlərinə görə, hökumət onlayn sifariş edilən malların sahibkarlıq fəaliyyətində vergi uçotunun aparılmasını asanlaşdırmağa çalışır:
"Hökumət çalışır ki, onlayn sifariş edilən malların sahibkarlıq fəaliyyətində vergi uçotunun aparılmasını asanlaşdırsın. Burada söhbət gömrük rüsumunun və əlavə dəyər vergisinin (ƏDV) avtomatik azaldılmasından getmir. Əsas məsələ sahibkarların vergi hesablaşmaları zamanı alış xərclərini gəlirdən çıxara bilməsi ilə bağlıdır.
Məsələn, bir sahibkar xarici platformaların hər hansı birindən 5 000 manatlıq mal sifariş edir və həmin mallar "Smart Customs" vasitəsilə ölkəyə idxal olunur. Dəyişiklik qəbul edilərsə, həmin alışlarla bağlı 2 faizlik məhdudiyyət aradan qaldırılacaq. Nəticədə idxal olunan malların alış dəyəri vergi uçotunda xərc kimi nəzərə alınacaq və sahibkara vergi hesablanarkən həmin xərclər də nəzərə alınacaq".
İqtisadçı əlavə edib ki, təklif olunan dəyişiklik elektron ticarət bazarında şəffaflığın artmasına və sahibkarların xərclərini rəsmiləşdirməsinə müsbət təsir göstərə bilər:
"Əsasən xarici ölkələrdən mal idxal edən sahibkarların xərclərini rəsmiləşdirməsi üçün əlverişli şərait yaranacaq. Xüsusilə kiçik və orta sahibkarlar artıq öz xərclərini daha rahat şəkildə göstərə biləcəklər.
İkinci mühüm məsələ isə şəffaflığın artırılmasıdır. Müxtəlif platformalar vasitəsilə fəaliyyət göstərən sahibkarlar malların gömrük sistemində rəsmiləşdirilməsində daha maraqlı ola bilərlər. Nəticədə malın alış qiymətini və ölkəyə gətirilməsini təsdiq edən məlumatların vergi uçotunda qeydiyyata alınması asanlaşacaq. Bu da sahibkarların rəsmi idxal və satış mexanizmlərinə üstünlük verməsinə səbəb ola bilər.
Hökumət çalışır ki, vergi uçotundan kənar idxal prosesini müəyyən qədər azaltsın. Dəyişiklik nəzəri olaraq qiymətlərin aşağı düşməsinə də səbəb ola bilər. Belə ki, sahibkarın vergi yükü azalarsa, müəyyən məbləğdə qənaət yaranacaq. Həmin qənaət isə məhsulların satış qiymətlərinə də təsir göstərə bilər".
Bəs sadə vətəndaşlar, bazardakı istehlakçılar üçün nə dəyişəcək?
"İlk növbədə qeyd edim ki, sifarişlərin gömrük limiti artmayacaq. Eyni zamanda, idxal zamanı ƏDV də avtomatik olaraq aradan qalxmayacaq. Bununla belə, xərclərin ayrıca hesablanması, vergidən ayrılaraq nəzərə alınması və gəlirdən çıxılan xərclərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması həm vətəndaşlar, həm kiçik, həm də iri sahibkarlar üçün müəyyən əlverişli şərait yarada bilər.
Hökumət çalışır ki, xarici platformalar üzərindən elektron ticarətlə məşğul olan, xüsusilə idxal prosesində iştirak edən şəxsləri tam şəkildə uçota alsın, dövriyyəni müəyyənləşdirsin və eyni zamanda həmin iştirakçıların xərclərini azaltsın. Bununla da müəyyən təşviq mexanizmləri yaratmaq, dövriyyənin yüksəlməsinə və bazar iştirakçılarının sayının artmasına nail olmaq hədəflənir.
Bütövlükdə, dəyişiklikləri mütərəqqi təklif kimi qiymətləndirmək olar. Lakin bir məqamı da qeyd etmək lazımdır. Bu mexanizm nə vaxta qədər qüvvədə olacaq və xərclər çıxıldıqdan sonra ƏDV hansı mexanizmlə tətbiq ediləcək? Bu detallar hələ məlum deyil. Bununla belə, ümumilikdə təklifi müsbət qiymətləndirmək olar".


