"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə İstanbulun Göktürk bölgəsində kirayələdiyi lüks villanın sahibi arasında yaranan mübahisə məhkəməyə çıxarılıb. Ev sahibi şirkət futbolçunun 8 milyon lirə (təxminən) kirayə borcu olduğunu iddia edərək onun əmlakına həbs qoyulmasını tələb edib. Lakin məhkəmə bu vəsatəti təmin etməyib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İkardi ötən il Göktürkdə illik 504 min dollar ödəmək şərti ilə villa kirayələyib. Ancaq birillik müqavilənin başa çatmasına dörd ay qalmış evi tərk edib. Ev sahibi şirkət müqavilənin qalan müddətinə görə futbolçudan təxminən 8 milyon lirə kirayə haqqı tələb edib.
İkardinin bu tələbi qəbul etmədiyi bildirilir. Bundan sonra şirkət borcun alınması üçün icra prosesi başladıb. Argentinalı futbolçu icra tələbini mübahisələndirdikdən sonra ev sahibi İstanbul Sülh Hüquq Məhkəməsinə müraciət edərək etirazın ləğvini tələb edib.
Villanın zədələnmiş vəziyyətdə təhvil verildiyi iddia olunur
Şirkət məhkəməyə təqdim etdiyi ərizədə İkardinin villanı zədələnmiş vəziyyətdə qoyduğunu da irəli sürüb. Həmçinin futbolçunun ölkədən getməsi ehtimalını əsas gətirərək borcun gələcəkdə alınmasının çətinləşə biləcəyini iddia edib.
Bu səbəbdən şirkət davam edən məhkəmə prosesi çərçivəsində İkardinin əmlakına müvəqqəti həbs qoyulmasını istəyib. Lakin məhkəmə bu tələbi rədd edib.
Tərəflər arasında kirayə haqqı və borcun ödənilməsi ilə bağlı məhkəmə çəkişməsi isə davam edir.


