YapiKredi Müraciət Forması
Texnologiya Özəl

Telefonu şarj kabelindən asmaq təhlükəli ola bilər – Bahalı təmirə səbəb olur

Telefonu şarj kabelindən asmaq təhlükəli ola bilər – Bahalı təmirə səbəb olur

Yüksəkdə yerləşən elektrik rozetkasının yanında telefonu yerləşdirmək üçün istifadə olunan məşhur internet üsullarından biri smartfonun zədələnməsi ilə nəticələnə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, şarj kabelindən hazırlanan xüsusi ilgək telefonu etibarlı saxlamır və cihazın yerə düşməsi riskini artırır.

Demokrat.az xəbər verir ki, bu barədə "CHIP" nəşri məlumat yayıb.

Rozetka hündür yerdə olduqda və kabelin uzunluğu telefonu yaxınlıqda yerləşdirməyə imkan vermədikdə bəzi istifadəçilər cihazı birbaşa naqildən asırlar. Bu zaman telefonun ağırlığı kabelə düşür, naqil isə enerji adapterinə birləşən hissədən əyilərək zamanla zədələnə bilər.

Problemi həll etmək üçün internetdə yayılan üsullardan birində kabel smartfonun ətrafına dolanır, aşağı hissədə dayaq yaradılır, yuxarıdakı ilgək isə rozetkaya taxılmış adapterə keçirilir. Beləliklə, telefonun havada sabit qalacağı düşünülür.

Lakin "CHIP" ekspertlərinin sınağı bu üsulun bir sıra çatışmazlıqlarını üzə çıxarıb. Belə ki, telefonun ağırlığı yenə də kabelə təzyiq göstərir və naqilin adapterə yaxın hissəsində gərginlik yaranır. Bundan başqa, adapterin hamar səthi kabelin sürüşməsinə, telefonun isə ilgəkdən çıxaraq yerə düşməsinə səbəb ola bilər.

Ekspertlər alternativ üsul təklif edir

Nəşr yüksəkdə yerləşən rozetka yaxınlığında telefonu saxlamaq üçün plastik torbadan istifadə etməyi təklif edir. Bunun üçün şarj kabeli telefona qoşulur, cihaz qulpları olan kiçik plastik torbaya yerləşdirilir. Daha sonra adapter torbanın qulplarından keçirilərək rozetkaya taxılır və torba adapterdən asılır.

Bu konstruksiyada smartfonun ağırlığı kabelə deyil, torbaya düşür. Beləliklə, naqilin dartılması və telefonun zədələnməsi ehtimalı azalır.

Bununla belə, mütəxəssislər bu üsulu daimi həll kimi tövsiyə etmirlər. Onların fikrincə, ən məqsədəuyğun variant telefon üçün xüsusi dayağı olan şarj adapterindən istifadə etməkdir. Bu cür aksesuarlar smartfonu yüksəkdə yerləşən rozetkanın yanında daha rahat və təhlükəsiz saxlamağa imkan verir.