"Meta" şirkəti süni intellekt infrastrukturunun inkişafı və yeni texnologiyalara yatırımları maliyyələşdirmək məqsədilə 15 milyard dollar həcmində istiqraz satışı həyata keçirir. Şirkət bununla yanaşı, səhmlərin satışı vasitəsilə də rekord həcmdə vəsait cəlb etməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin məlumatında bildirilir.
Məlumata görə, noyabrın 3-də elan edilən istiqraz emissiyası beş hissədən ibarətdir. Cəlb olunacaq vəsait əsasən məlumat mərkəzlərinin qurulmasına, bulud texnologiyalarına və hesablama imkanlarının genişləndirilməsinə yönəldiləcək.
İstiqrazların bir hissəsi 2031-ci ilədək 5,85 faiz, digər hissəsi isə 2033-cü ilədək 6,25 faiz gəlirlilik təklif edir. Hər iki istiqraz buraxılışının həcmi 3,25 milyard dollardır.
97,5 milyard dollarlıq səhm satışı planı
"Meta"nın istiqraz satışı ilə bağlı qərarı şirkətin rekord həcmdə səhm satışı planını açıqlamasından bir neçə gün sonraya təsadüf edib. Belə ki, şirkət ümumilikdə 97,5 milyard dollar vəsait cəlb etməyi nəzərdə tutur.
Plana əsasən, hər biri 625 dollar qiymətində olan 25 milyard dollarlıq adi səhm və 12,5 milyard dollarlıq konvertasiya olunan imtiyazlı səhm satılacaq. Bundan əlavə, 2027-ci ilin birinci rübündən etibarən bazar qiymətləri ilə 60 milyard dollaradək əlavə səhm satışı da planlaşdırılır. "Nvidia" bu prosesə 3 milyard dollar, AMD isə 1 milyard dollar investisiya yatıracağını açıqlayıb.
Xərclər 145 milyard dollara çata bilər
Şirkət 2026-cı il üçün kapital xərcləri proqnozunu 135-145 milyard dollar aralığına yüksəldib. Vəsaitin böyük hissəsinin süni intellekt çiplərinə və məlumat mərkəzlərinə sərf olunacağı gözlənilir.
Bu böyük investisiyalar şirkətin maliyyə göstəricilərinə də təsir edir. "Meta" 2026-cı ilin üçüncü rübündə 2,12 milyard dollar mənfi sərbəst pul axını qeydə alıb. Bu, şirkətin on ildən artıq müddətdə ilk dəfə həmin göstərici üzrə mənfi nəticə əldə etməsi deməkdir. Halbuki ötən ilin eyni dövründə sərbəst pul axını 10,63 milyard dollar müsbət olub.
Sentyabrın 30-na olan məlumata görə, şirkətin 82,45 milyard dollar nağd vəsaiti və qiymətli kağızları, 80,92 milyard dollar isə uzunmüddətli borcu olub.
Qeyd edək ki, süni intellekt sahəsində rəqabətin güclənməsi iri texnologiya şirkətlərini maliyyələşmə strategiyalarını dəyişməyə vadar edir. "Meta" da "OpenAI" və "Anthropic" kimi rəqiblərlə mübarizədə mövqelərini gücləndirmək üçün borc və səhm bazarlarından daha fəal istifadə etməyə başlayıb.


