Süni intellekt texnologiyalarının sürətlə inkişafı yeni gəlir imkanları yaradır. Bu gün insanlar süni intellekt alətlərindən istifadə etməklə mətn və dizayn hazırlamaq, video montaj etmək, tərcümə xidmətləri göstərmək və müxtəlif rəqəmsal məhsullar yaratmaqla pul qazana bilirlər. Lakin bu imkanlarla yanaşı, sosial şəbəkələrdə qısa müddətdə yüksək gəlir vəd edən təkliflər də artır.
Bəs Azərbaycanda süni intellektdən istifadə etməklə real və davamlı gəlir əldə etmək mümkündürmü? Bunun üçün hansı bilik və bacarıqlara yiyələnmək lazımdır? Süni intellektlə pul qazanmaq adı altında yayılan vədlərin arxasında hansı risklər və dələduzluq üsulları dayanır?
Demokrat.az-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev bildirib ki, Azərbaycanda (və dünyada) süni intellekt (Sİ) alətlərindən istifadə edərək real və davamlı gəlir əldə etmək tamamilə mümkündür.

Onun sözlərinə görə. lakin bu, "bir düyməyə bas və varlan" şəklində deyil, Sİ-ni bir effektivlik artırıcı və ya yeni bir iş vasitəsi kimi görməklə reallaşır:
"Sİ ilə pul qazanmaq üçün sadəcə "prompt" (təlimat) yazmaq kifayət deyil. Əsl dəyər Sİ-ni peşəkar sahə bilikləri ilə birləşdirəndə yaranır. Lazım olan əsas bacarıqlar, Sİ Avtomatlaşdırılması və Sİ alətlərini (məsələn, ChatGPT, Midjourney, Zapier) bir iş prosesinə inteqrasiya etmək olacaq. Məsələn, müştəri xidmətlərini avtomatlaşdırmaq və ya məlumat analizi etmək nəzərdə tutulur. Prompt mühəndisliyi, Sİ-dən ən dəqiq və keyfiyyətli nəticəni almaq üçün mürəkkəb və məntiqi təlimatlar qurmaq bacarığı lazımdır. Süni intellekt vasitəsilə yüksək keyfiyyətli mətn, kod, şəkil və video hazırlamaq, bu məzmunu insan toxunuşu ilə redaktə etmək, böyük məlumat bazalarını təhlil edərək biznes qərarlarının verilməsinə kömək göstərmək gəlir əldə etməyin mümkün istiqamətlərindəndir. Bununla yanaşı, proqramlaşdırma, dizayn, marketinq və hüquq kimi sahələr üzrə biliklərə yiyələnmək də vacibdir. Çünki müvafiq sahə üzrə biliyi olmayan şəxs süni intellektin təqdim etdiyi nəticələrin nə dərəcədə düzgün və etibarlı olduğunu qiymətləndirməkdə çətinlik çəkə bilər. İnternetdə gördüyünüz "Sİ ilə gündə 100 manat qazanın" və ya "Heç bir bacarıq olmadan Sİ ilə zəngin olun" kimi vədlərin böyük əksəriyyəti etibarsızdır və manipulyativdir.
Gerçək vədlər seqmenti, "Sİ vasitəsilə işinizi 5 dəfə sürətləndirin", "Sİ-dən istifadə edərək daha keyfiyyətli kod yazın", "Sİ ilə rəqəmsal marketinq kampaniyalarını optimallaşdırın". Bunlar real iş prosesləridir. Yalan vədlər və Sİ-nin özünün bir "pul maşını" olduğunu iddia edənlər. Sİ bir vasitədir, məhsul deyil. O, təkbaşına pul qazandırmır, sadəcə sizin bacarığınızı daha sürətli və ucuz tətbiq etməyə imkan verir. Bu sahədə yeni başlayanlar üçün bir neçə ciddi təhlükə mövcuddur. Süni intellekt vasitəsilə qısa müddətdə varlanmağı vəd edən sxemlərə qarşı diqqətli olmaq lazımdır. Xüsusilə insanlara möcüzəvi gəlir gətirəcəyi iddia edilən proqramların satılması və ya bu sahəni öyrətmək adı ilə bahalı, lakin real faydası olmayan kursların təklif edilməsi dələduzluq üsullarından biri ola bilər.
Digər təhlükə isə süni intellekt vasitəsilə tanınmış şəxslərin səsinin və görüntüsünün saxtalaşdırılmasıdır. Belə saxta videolarla insanları investisiya qoymağa və ya pul köçürməyə təşviq edərək aldada bilərlər.
Müəllif hüquqları və etika aspekti, Sİ tərəfindən yaradılan məzmunun hüquqi statusu hələ də qaranlıqdır. Başqasının əsərini (şəkil, mətn) Sİ vasitəsilə manipulyasiya edib satmaq gələcəkdə ciddi hüquqi problemlər yarada bilər. Məlumat təhlükəsizliyi məsələsi, şəxsi və ya şirkət məlumatlarını (məsələn, müştəri bazalarını) açıq Sİ modellərinə (ChatGPT kimi) yükləmək məlumat sızmasına səbəb ola bilər.
Beləlikə, Sİ "sehrli çubuq" deyil, çox güclü "elektrik motoru"dur. Əgər motoru necə idarə edəcəyinizi və hansı "maşını" (işi) çəkəcəyinizi bilirsinizsə, gəlir əldə edə bilərsiniz. Amma motorun özünün sizi avtomatik zəngin edəcəyinə inansanız, bu risklidir".


