Tovuz rayonunda 40 yaşlı kişi qadının evinə qanunsuz daxil olmaqda ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə gecə saat 01 radələrində baş verib. 1986-cı il təvəllüdlü Ayaz həmin vaxt sevgi münasibətində olduğu Ləmanın yaşadığı Tovuz şəhəri, Semzavod qəsəbəsindəki binanın mənzilində sərxoş vəziyyətdə yatıb.
İstintaq sənədlərinə görə, Ayaz yuxudan oyandıqdan sonra Ləmanın mənzildə olmadığını görüb və onun eyni binanın başqa mənzilində kirayədə yaşayan tanışı Xalidənin (adlar şərtidir – red.) evinə getdiyini düşünüb.
Buna görə də həmin ünvana gedərək Xalidənin icazəsi olmadan, onun iradəsinə zidd olaraq qapını açıb mənzilə daxil olub və Ləmanın orada olub-olmadığını soruşub. Xalidə onun mənzilə icazəsiz daxil olmasına etiraz edib və Ləmanın evdə olmadığını bildirib. Xalidə Ayazdan çöldə gözləməsini, Ləmanı telefonla çağıracağını deyərək mənzildən çıxıb.
Daha sonra Ayaz Xalidənin Ləmanın olduğu yer barədə ona yalan danışdığını düşünüb. O, zor tətbiq etməklə Xalidənin kirayədə yaşadığı mənzilə yenidən daxil olmaq qərarına gəlib.
Bu məqsədlə Ayaz Xalidənin mənzilinin mətbəxindən soyuq silah hesab edilməyən bıçaq götürərək onun yaşadığı mənzilin giriş qapısının qarşısına gəlib. Mənzilə daxil olmağa icazəsi olmadığı halda Xalidənin iradəsinə zidd olaraq içəri girməyə çalışıb.
Xalidə qapını kilidlədiyi üçün Ayaz onun müqaviməti ilə qarşılaşıb. Bundan sonra üzərindəki bıçaqla mənzilin bağlı vəziyyətdə olan giriş qapısını zədələyib, fiziki qüvvə tətbiq edərək, yəni təpik zərbələri ilə qapını sındırıb və mənzilə daxil olub. Beləliklə, Ayaz orada yaşayan Xalidənin və ailə üzvlərinin iradəsinə zidd olaraq mənzilə girib.
Ayaza Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını pozma – eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ayaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində ailə üzvləri ilə birlikdə yaşadığını, hazırda işləmədiyini, subay olduğunu və əvvəlki nikahından övladının olduğunu bildirib.
"Təxminən hadisədən 9 ay əvvəl qeyri-rəsmi münasibətdə olduğum Ləman da həyat yoldaşından boşanmışdı və azyaşlı övladı ilə birlikdə mənimlə yaşayırdı. Həmin binada Xalidə isə uşaqları ilə birlikdə yaşayır. O, həmin mənzilə təxminən 3 ay əvvəl köçüb. Xalidə təxminən 2 il əvvəl Ləmanın qardaşı ilə münasibətdə olub. Ləman da onu həmin münasibətə görə tanıyıb. Xalidə həmin binaya köçdükdən sonra Ləmanla münasibətləri olub, bizim evə gəlib-gedib. Hətta bir neçə dəfə Xalidə bizə gəldiyi zaman Ləman və mənimlə birlikdə spirtli içki də qəbul edib".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən bir gün əvvəl, saat 19 radələrində Xalidə onların evinə gəlib və birlikdə araq içiblər.
"Ləman həmin vaxt spirtli içki qəbul etmədi. Bir qədər sonra özüm sərxoş oldum və yatdım. Həmin gecə, saat 01 radələrində yuxudan oyandım. Ləmanla Xalidənin evdə olmadığını gördüm. Ləmanı evdə görmədiyim üçün narahat oldum və onun Xalidənin evinə getdiyini düşündüm. Dərhal Xalidənin yaşadığı mənzilə qalxdım. Qapını döydüm, lakin heç kim açmadı. Bu zaman qapının dəstəyindən tutaraq açmaq istədim. Qapı kilidlənmədiyi üçün açıldı və mən içəri daxil oldum. Bu zaman evdən musiqi səsi gəlirdi, Xalidə böyük oğlu ilə birlikdə mətbəxdə idi. Ondan Ləmanın harada olduğunu soruşdum. O, təşvişə düşərək məni evdən çıxarmağa çalışdı. Aşağı düşərək gözləməyimi, Ləmana zəng edib onu çağıracağını bildirdi. Mən də Xalidəyə inanaraq binanın həyətinə düşdüm və gözləməyə başladım".
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Xalidənin balkonundan ağlama səsi eşidib və onun telefonla danışdığını görüb.
"Xalidənin polis çağırdığını düşündüyüm üçün yenidən onun mənzilinə qalxdım. Bu zaman Xalidə mənzilin qapısını bağladı. Qapını aça bilmədiyim üçün öz yaşadığım mənzilə düşdüm və mətbəxdən bıçaq götürərək yenidən Xalidənin mənzilinə qalxdım. Həmin bıçaqla mənzilin qapısını açmağa cəhd etdim. Lakin aça bilmədiyim üçün bıçağı qapıya sancdım və bıçağın tiyəsi qapını deşərək içəri keçdi. Daha sonra qapını təpik zərbəsi ilə sındıraraq açdım. Evə daxil olanda Xalidə böyük oğlu Müslümlə birlikdə təşviş içində idi. Xalidəyə yaxınlaşaraq Ləmanın harada olduğunu soruşdum. O isə bilmədiyini dedi. Həmin vaxt ardımca dördüncü mərtəbədə yaşayan Rəqsanə adlı qadın da evə daxil oldu və Xalidəyə bina sakinlərinin artıq ondan narahat olduğunu dedi. Bu zaman Xalidə yalan danışaraq bildirdi ki, nə Ləmanı, nə də məni tanıyır".
İş üzrə zərərçəkmiş Xalidə bildirib ki, hazırda Tovuz rayonunun Semzavod qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və iki övladı var.
"Övladlarım, 2017-ci il təvəllüdlü Müslüm və 2020-ci il təvəllüdlü Sənan da mənimlə birlikdə yaşayırlar. Həmin binanın üçüncü mərtəbəsində Ayaz adlı şəxs də yaşayır. Həmin evə köçdüyüm vaxtdan etibarən onunla heç bir münasibətim olmayıb. Lakin Ayazın qeyri-rəsmi olaraq birlikdə yaşadığı Ləman adlı qadını tanımışam".
Zərərçəkmiş şəxs qeyd edib ki, hadisədən əvvəl, saat 19 radələrində yaşadığı evə gəlib. Həmin vaxt Ayazı binada görməyib.
"Həmin axşam övladlarımla evdə olmuşam. Evə daxil olarkən diqqətsizlik edərək qapını bağlamamışam. Gecə saat 01 radələrində oğlum Müslümlə birlikdə oyaq olduğumuz zaman mənzilin qapısı qəfil açıldı və Ayaz içəri girdi. O, qışqıraraq "Qız haradadır?", "Ləman hanı?" kimi suallar verməyə başladı. Ayazı tanımadığımı və Ləmanın harada olduğunu bilmədiyimi desəm də, o, qışqırmağa davam etdi. Həmin vaxt oğlum da yanımda idi, digər oğlum Sənan isə başqa otaqda yatırdı. Müslüm qorxduğu üçün Ayazı evdən çıxarmağa çalışdım və ona birinci mərtəbəyə düşərək gözləməsini dedim. O, evdən çıxdı və aşağı düşdü. Mən də Ayazın ardınca qapını bağlayaraq 102 xidmətinə zəng etdim. Bu zaman Ayaz yenidən yaşadığım mənzilə qayıtdı. O, qapını yumruq və təpiklə, eyni zamanda qonşunun qapısının qarşısında olan metlaxlarla və digər alətlərlə sındırmağa çalışdı. Daha sonra qapıya bıçaq sancdı və bıçağın tiyəsi qapının içəri tərəfinə keçdi. Sonra qapı sındı və Ayaz içəri daxil oldu. Bu zaman oğlum Müslümü balkona apardım və onu orada qoyaraq özüm Ayazın qarşısına çıxdım. Ayaz qışqıraraq məndən Ləmanı hara apardığımı soruşdu. Mən Ləmanın harada olduğunu bilmədiyimi desəm də, o, sinə nahiyəmdən itələdi. Həmin vaxt ondan kəskin spirtli içki iyi gəlirdi. Bu zaman Rəqsanə adlı qonşu qadın evə daxil olaraq Ayazı sakitləşdirməyə çalışdı. Həmin vaxt Ayaz məndən uzaqlaşdı".
Tovuz Rayon Məhkəməsinin hökmü ilə Ayaz 6 ay müddətinə azadlıqdan məhrum edilib.


